"Böyük Britaniyanı Azərbaycanın daxili işlərinə qarışmamağa dəvət edirik"

Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi bu barədə bəyanatla çıxış edib
Azərbaycan Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Xarici İşlər və Birlik Məsələləri üzrə Ofisini Azərbaycanın daxili işlərinə "yersiz müdaxilələrdən çəkinməyə və öz ölkəsinin insan hüquqları məsələlərinə diqqət yetirməyə" dəvət edib.

Belə ki, rəsmi Bakı Böyük Britaniya xarici siyasət idarəsinin vətəndaş fəalları Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədovun barəsində hökmü pisləyən 28 may tarixli bəyanatını qiymətləndirib.

“Bu, müstəqil məhkəmə instansiyalarının işinə müdaxilə və təzyiqdir və tam şəkildə qəbuledilməz hesab olunur” - Azərbaycan XİN-in bəyanatında vurğulanır.

“Həmin şəxslər vergidən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti kimi qanun pozuntularına görə mühakimə olunublar və bu şəxslərin cinayət əməlləri məhkəmə qaydasında sübuta yetirilib. Məhkəmənin qərarının bu şəxslərin siyasi fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur və ümumiyyətlə, Azərbaycanda heç kim siyasi baxışlarına və fəaliyyətinə görə təqib və mühakimə olunmur”, - bəyanatda bildirilib.