Azərbaycanda siqaret istehsalı artır

Yerli istehsalın ümumi həcmi 21 milyon manata yaxın və ötən ildən 14,1 milyon manat çox olub.

Azərbaycanda siqaretin istehsal həcmi onun qanuni yolla gətirilən həcminə yaxınlaşıb. Daha ucuz qiymətə təklif olunan yerli məhsul bahalı xarici tütün markalarını bazardan sıxışdirir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin 4 ayında ölkədə 43 milyon 360 min qutu siqaret buraxılıb.

İstehsal əvvəlki ilin eyni dövrünə nisbətən 54,3 faiz artıb. Yerli istehsalın ümumi həcmi 21 milyon manata yaxın və ötən ildən 14,1 milyon manat çox olub. Artımın əsas hissəsi siqaretin bahalaşmasından qaynaqlanır. Komitənin hesablamasına görə, bir qutu siqaretə əvvəlki illə müqayisədə indi 76 faiz artıq pul ödəyirlər.

DSK-nın məlumatlarından görünür ki, ölkədə istehsal olunan bir qutu siqaretin satış qiyməti, ƏDV, aksiz vergisi daxil olmadan, təqribən 48,4 qəpiyə bəyan olunur. Pərakəndə satışda isə qeyri markadan olan siqaretlərin qiyməti 1 manat 10 qəpikdən 2 manat 20 qəpiyədək dəyişir.