İranda prezident və Şəhər Şurası seçkiləri ərəfəsində qeyri-fars etnik qruplara mənsub qadın hüquqlarını müdafiə edən təşkilatlar birgə bəyanat yayaraq seçkiləri boykot etməyə dəvət ediblər.
Türk Qadınlar Mərkəzinin təmsilçisi Simin Səbri Amerikanın Səsinə müsahibədə müxtəlif qeyri-fars etnik qrupların, o cümlədən türk, kürd, ərəb və bəluc qadın təşkilatlarının bəyanatının məzmunu və hədəfləri haqda danışıb.
Your browser doesn’t support HTML5
Hazırda İsveçdə yaşayan qadın hüquqları müdafiəçisi və siyasi fəal Simin Səbri İranda qeyri-fars etnik qruplardan qadın icmalarının eyni problemləri yaşadıqlarını və bunun həmin etnik qruplara mənsub qadın fəallarının və təşkilatlarının birgə fəaliyyət etmək və ortaq bəyanat vermək qərarına gətirib çıxardığını bildirib.
Qadın haqları müdafiəçisi İranda qeyri-fars etniklərə mənsub qadın icmalarının gender hüququ bərabərliyi ilə yanaşı etnik ayrı-seçkilik siyasətindən dolayı daha artıq təzyiqlərə məruz qaldıqlarını irəli sürərək, məsələnin "Intersectionality Feminism" analitik çərçivəsində müzakirə oluna biləcəyinə toxunub.
Simin Səbri seçkiləri boykot etməyə çağıran bəyanatı imzalayan qadın təşkilatılarının İran İslam Respublikasından sonra İran üçün dünyəvi, demokratik və federal hökumət sistemini istədiklərini bildirib.
Feminist fəal İranda seçkiləri boykot etmək üçün lazımi səbəblərin olduğunu ifadə edərək, "42 ildir ki, bu hakimiyyətin profili gözümüzün önündədir. İslam Cümhuriyyəti qurulduqdan bəri qadınları, yəni ölkə vətəndaşlarının yarısının bir başa öz konstitusiyasında, həmçinin şəriət qanunları ilə azadlığını, ictimai fəaliyyətlərini məhdudlaşdıran siyasətlər tətbiq etmişdir." -deyə siyasi fəal ifadə edib.
O, ölkədə qadınlara tətbiq olunan ayrı-seçkilik siyasətinə toxunaraq bildirib ki, İranın qanunlarına əsasən qadınlar prezident seçkisində iştirak edə bilər, ancaq prezidentliyə namizəd ola bilməzlər.
Türk Qadınlar Mərkəzinin təmsilçisi Simin Səbri İranda seçkiləri boykot etmək yolu ilə hakimiyyətin dünya ictimaiyətində özünü legitim bir hökumət göstərmək və bu yöndə təbliğat aparmasının qarşısının alınacağını düşünür.
O, həmçinin xalqı seçkilərdə iştirak etməməyə çağırmaq kimi üsullarla müxalif qrupların və ya qadın təşkilatlarının ortaq məxrəcdə fəaliyyət göstərmələrini və qadınların əməkdaşlıq etməsini də dəyərləndirib.
Simin Səbri bəyanatın hədəflərini və məzmununu açıqlarkən, İranda qadın hüquqları üzrə hər hansı bir irəliləyişin və islahatların mümkün olmadığını bildirib və deyib ki, "Biz bu nəticəyə gəlmişik ki, qadınların yeganə çıxış yolu budur ki, ümumiyyətlə qadınlar yaxasını rejimdən qurtara bilsin."