Vaşinqtonun Kim Conq Una qarşı sanksiyalar tətbiq etməsinə cavab olaraq Şimali Koreya ABŞ-la bütün danışıqları dayandırdığını deyir.
Bazar ertəsi rəsmi Pxenyan Vaşinqtonla BMT vasitəçiliyə ilə apardığı bütün diplomatik danışıqları dayandırdığını bəyan edib.
Ötən həftə ABŞ Pxenyanın nüvə silahı proqramı səbəbilə ölkəyə qarşı tətbiq olunan sanksiyalara əlavə olaraq Kim və bir sıra digər Şimali Koreya rəsmisinə qarşı şəxsi sanksiyalar tətbiq edib.
Vaşinqton və Seul Pxenyanın bir sıra balistik və nüvə sınaqları keçirməsinin ardınca Koreya yarımadasında raketdən müdafiə sistemi (THAAD) yerləşdirmək planını açıqladıqdan bir neçə gün sonra Şimali Koreya bazar ertəsi buna cavab olaraq “fiziki hərəkətə keçməklə hədələyib.” Raketdən müdafiə sisteminin nə zaman və harada yerləşdiriləcəyi açıqlanmayıb.
Çin, Rusiya və Şimali Koreya sistemin yerləşdirilməsinin əleyhinə olduğunu ifadə edib və Vaşinqtonla Seulu bu planı həyata keçirməməyə çağırıb.
Bazar ertəsi Cənubi Koreya prezidenti Park Guen-hye THAAD sisteminin Şimali Koreyaya qarşı müdafiə xarakteri daşıdığını və digər heç bir ölkəni hədəf almadığını bildirib.
Pxenyan ən son ötən həftə balistik raket sınaqdan keçirib. Qərbin hərbi rəsmiləri Pxenyanın hər dəfə balistik raket sınağı ilə imkanlarını artırdığını deyir.
Şimali Koreyanın əsas müttəfiqi olan Çin prezident Kimi beynəlxalq danışıqları bərpa etməyə və iqtisadi yardım, eləcə də təhlükəsizlik təminatına qarşılıq olaraq nüvə proqramını ləğv etməyə çağırıb.
BMT və ABŞ nüvə və balistik raket proqramları səbəbilə rəsmi Pxenyana qarşı artıq bir sıra sanksiyalar tətbiq edib.