Azərbaycan, Rusiya və İran “Şimal-Cənub” dəhlizini inkişaf etdirəcək

Şimal-Cənub dəhlizi

Rusiya, İran və Azərbaycan nəqliyyat infrastrukturunun, o cümlədən "Şimal-Cənub" dəhlizinin inkişafı üzrə tədbirlər görəcək. Bu barədə üç ölkə liderinin avqustun 8-də Bakıda imzalaması gözlənilən bəyannamə layihəsində deyilir.

"Tərəflər regional nəqliyyat-kommunikasiya imkanlarının inteqrasiyası üzrə iqtisadi cəhətdən səmərəli və ətraf mühit üçün təhlükəsiz nəqliyyat infrastrukturunun yaradılmasına yönəlmiş səyləri davam etdirmək niyyətindədirlər. Tərəflər beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizi ilə yanaşı, mövcud sərnişin və mal daşınması imkanlarını yaxşılaşdırmaq məqsədilə nəqliyyat-kommunikasiya infrastrukturunun inkişafı üçün səmərəli addımlar atmaq niyyətindədirlər, - deyə "RİA-Novosti bəyannamə layihəsindən sitat gətirir.

Həmçinin qeyd olunur ki, Moskva, Tehran və Bakı bundan sonra da "Beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və səmərəliliyinin artırılması çərçivəsində dəmir yollarının birləşdirilməsi üzrə yeni layihələrin həyata keçirilməsinə töhfə vermək" niyyətindədirlər.

Şimal-Cənub dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirməlidir. Layihənin həyata keçirilməsi zamanı Azərbaycan, İran və Rusiya dəmir yolları birləşdiriləcək. Birinci mərhələdə Şimal-Cənub dəhlizi ilə illik 5 mln. ton, gələcəkdə isə 10 milyon ton yük nəql etmək planlaşdırılır.