İranda insan haqları pozuntularına dair xəbər yayan HRA agentliyinin məlumatına görə, iyunun 17-də Tehranın Evin həbsxanasında aclıq aksiyasına başlayan türk dil haqları fəalı Siyamək Mirzayinin sağlıq durumu pisləşməkdədir.
“Siyamək Mirzayi aclıq aksiyasına başlayandan bəri 10 kiloqram çəki itirib və qan təzyiqi düşüb. Çəkisi 77 kiloqramdan 67-ə enib,” deyə agentlik məhbusun yaxınlarına istinadən bildirib.
Keçən ilin iyul ayından bəri nəzarətdə olan milli fəalın yaxınlarının bildirdiyinə görə, məsullar onun məhkəmə dosyesi ilə bağlı problemlərin həlli istiqamətində hər hansı bir addım atmayıblar. Mirzayi isə tələbləri yerinə yetirilənədək aclığa davam edəcəyini bildirib.
Əslən İran Azərbaycanının Muğan bölgəsindən olan türk fəal “müxtəlif bəhanələr ilə təxirə salınan apellyasiya məhkəməsinin təşkilini və müvəqqəti azadlığı üçün müəyyənləşmiş bir milyard tümənlik (təqribən 300 min dollar) zəmanət məbləğinin azaldılmasını” tələb edib.
Milli fəal keçən ilin iyulunda təhlükəsizlik qüvvələri tərəfindən İran Azərbaycanının Muğan bölgəsində nəzarət altına alınsa da, daha sonra Tehranın Evin həbsxanasına köçürülüb.
Tehran vilayətinin Baharistan şəhərinin İnqilab Məhkəməsi bu ilin yanvar ayında onu 10 il həbs və əlavə olaraq, iki il Cənubi Xorasan vilayətinin Təbəs şəhərində sürgündə yaşamaq cəzasına məhkum edib.