Prezident Donald Tramp bildirib ki, Şimali Koreyada həbsdə olan üç amerikalı azadlığa buraxılıb və indi onlar dövlət katibi Mayk Pompeo ilə birgə təyyarədə evə qayıdır.
Tramp Tvitterdə yazıb ki, həbsdə olan üç amerikalının səhhəti qaydasındadır. Tramp onları vətəndə qarşılayacağını bildirib.
Ekspertlər bundan əvvəl Şimali Koreyanın həbsdə olan üç amerikalını azad etməyincə, sammitin keçirilməyəcəyini demişdi.
ABŞ dövlət katibi Mayk Pompeo prezident Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un arasında qarşıdan gələn görüşə hazırlıq məqsədi ilə Şimali Koreyada idi.
Pompeonun çərşənbə günü Pxenyana səfəri Şimali Koreya ilə Cənubi Koreya arasında diplomatik əlaqələrin möhkəmlənməsini müzakirə etmək üçün Tokioda Yaponiya baş naziri Şinzo Abe, Çin baş naziri Li Keqianq və Cənubi Koreya prezidenti Mun Cae-in arasında üçtərəfli sammitlə eyni vaxta təsadüf edir.
Üç lider birgə bəyanatla çıxış edərək Koreya liderlərinin Koreya yarımadasını nüvəsizləşdirmək barədə razılıq əldə etmələrini dəstəkləyib və Şimali Koreyanı nüvə silahı proqramını dayandırmasına inandırmaq istiqamətində birgə səy göstərəcəklərini təsdiqləyib.
“Biz Koreya yarımadasını nüvəsizləşdirmə və şimal-şərqi Asiyada sülh və təhlükəsizlik istiqamətində razılıqdan yararlanaraq beynəlxalq ictimayyətlə daha sıx əməkdaşlığın Şimali Koreya tərəfindən konkret əməllərlə müşayiət olunacağına nail olmağa çalışmalıyıq” - deyə, Şinzo Abe bildirib.
Ekspertlər Amerikanın Səsinə bildirib ki, Kimin bu həftə Çin prezidenti Şi Cinpinqlə ikinci görüşünün ardınca Pompeonun Şimali Koreyaya ikinci səfəri danışıqların kritik keçid anına çatdığına işarə edir.
Toni Kim və Kim Hak Sonq ölkədə yeganə özəl universitet olan Pxenyan universitetində elm və texnologiya üzrə dərs verirdi. Onlar 2017-ci ildə hökumət əleyhinə fəaliyyətlər ittihamı ilə nəzarət altına alınmışdı.
Digər məhbus Kim Donq Çul isə 2015-ci ildə casusluq ittihamı ilə ağır əmək koloniyasına salınmaqla, 10 müddətinə azadlıqdan məhrum edilmişdi.