Şimali Koreya diplomatı ABŞ ilə danışıqlara hazır olduqlarını deyib

Ço Son Hui - Şimali Koreyanın Xarici İşlər Nazirliyinin ABŞ-la münasibətlər üzrə məsul diplomatı

Şimali Koreyanın yüksək səviyyəli diplomatı şənbə günü bildirib ki, Pxenyan düzgün şərtlərin təmin edildiyi halda ABŞ-la danışıqlara hazırdır.

Şimali Koreyanın Xarici İşlər Nazirliyinin ABŞ-la münasibətlər üzrə məsul diplomatı Ço Son Hui bu sözləri Norveçdən qayıdarkən, Pekin hava limanında jurnalistlərlə görüşü zamanı deyib.

Ölkəsinin Tramp administrasiyası ilə görüşməyə hazırlaşması ilə bağlı suala diplomat bildirib ki, “şərtlər yerinə yetirildiyi halda dialoq baş tutacaq.” Ço Osloda olduğu müddətdə amerikalı elm adamları və sabiq rəsmiləri ilə görüşlər keçirib.

ABŞ rəsmiləri Çonun bəyanatını şərh etməyib.

Prezident Donald Tramp keçən ay bildirmişdi ki, Şimali Koreyanın nüvə və raket proqramları ilə əlaqədar yaranmış problemin diplomatik yolla həll edilməsinin tərəfdarıdır. Daha sonra isə prezident Şimali Koreya lideri Kim Conq Un ilə görüşdən şərəf duyacağını bildirmişdi.

Cənubi Koreyanın yeni seçilmiş prezidenti Mun Cein də doğru şərtlərlə Çimali Koreyaya səfər etməyə hazır olduğunu deyib.