Norveç gözəlini geyindirən azərbaycanlı dizayner [Fotolar]

Şervin Nəcəfpur


Şervin Nəcəfpur Norveçdə yaşayan gənc güney azərbaycanlı modelyerdir. Oslo universitetində beynəlxalq marketinq fakültəsində təhsil alır. Amerikanın Səsinə müsahibədə uşaqlıq arzusunun gerçəkləşməsindən danışan Şervin Nəcəfpur “Modaya uşaqlıqdan həvəsim olub. İynə-sapla işləməyi anamdan öyrəndim” deyir. O, moda sahəsində gücünü sınamağa başlayandan hər zaman valideynlərinin ona arxa olduğunu, ona dəstək verdiyini söyləyir.


Your browser doesn’t support HTML5

Şərvin Nəcəfpurla müsahibə



Modelyer kimi Şervin Nəcəfpur əfsanəvi fransız dizayneri Koko Şaneldən ilham aldığını deyir. O, stilinin formalaşmasında Şanelin inqilabi novatorluq ruhunun ona böyük təsiri olduğunu söyləyir.

O deyir ki, dizayner kimi öz hissləri və düşüncələrini moda vasitəsilə paylaşa bilmək imkanı əldə edir. Bu da gənc dizaynerin sözlərinə görə, onda özünə inam hissinin yaranmasına gətirib çıxarır. Şervin Nəcəfpur moda vasitəsilə öz mədəniyyətini də tanıtmaq imkanına malik olduğunu deyir.

Bu yaxınlarda Şervin Nəcəfpur “Norveç Gözəli” müsabiqəsinin finalisti İda Mihrvoldun donunu dizayn edib. Gənc dizaynerin geyimləri Norveç paytaxtında modellər arasında getdikcə daha çox populyarlıq qazanmağa başlayıb.

Gələcək planlarına gəldikdə Şervin Nəcəfpur Türkiyədə moda festivalında özünün geyim kolleksiyası ilə çıxış etməyi arzulayır.