Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə 31 saylı Suraxanı ikinci Seçki Dairəsindən deputatlığa namizədlər - bloger Mehman Hüseynov və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev arasında rüşvət iddiası ilə bağlı mübahisə yaranıb. Bununla bağlı Mehman Hüseynovun və Fərəc Quliyevin Amerikanın Səsinə müsahibələrini təqdim edirik.
Audioyazı
Mehman Hüseynov sosial şəbəkələrdə Fərəc Quliyevin rüşvət müqabilində onun deputatlığa namizədliyini geri götürməsi iddia olunan audioyazı yayıb.
Audioyazıda Fərəc Quliyev bildirir ki, o, seçkini udacağına inanır.
“Demirəm siz zəifsiniz. Bir bloger kimi sən məni heç yaxına buraxmazsan. Çox güclüsən. Praqmatik olaraq anlaşırıq-anlaşaq, mənim xeyrimə seçkidən çəkilin. Nəinki çəkil, yanımda ol. İndiki mərhələdə biz mübarizə aparaq.”
Bu zaman Mehman Hüseynov bildirir ki, o, seçkini udacaq.
Fərəc Quliyev daha sonra deyir: “Sən potensialını belə şeylərə xərcləmə. Elədin bələdiyyə seçkilərində bildim, türmədə fədəkarlıq elədin, onu da bildim. Bu gün düşün, mənə cavab ver. Duşünürsən, mən fədəkarlıq edirəm, bunlar keçərli şeylər deyil. Normal şəkildə düşünürsən, mənə şərtlərini deyirsən, hansi şəkildə edirik ki, sən üzü ağ, normal şəkildə bunu elədin. Buna görə gedirəm. Bunu danışırsan, söhbətimiz alınır. Danışmırsansa sən gedirsən afərinə, mən seçkiyə gedirən. Mən seçkini udaramsa, mən normal çıxıb gedirəm. Sən də afərinə boş gedirsən. Bayaq da dedim, rüşvət kimi qəbul eləmə, Sənə müalicə üçün nə lazım olsa, 10-15 min civarında, ondan da əlavə verməyə hazıram,” audioyazıda Fərəc Quliyev qeyd edir.
Mehman Hüseynov: Rüşvət təklifi ilə bağlı prokurorluğa və seçki komissiyasına müraciət etmişəm
Mehman Hüseynov bu gün ona edilən rüşvət təklifi ilə bağlı Respublika Prokurorluğuna, Mərkəzi Seçki Komissiyasına və Dairə Seçki Komissiyasına müraciət edib.
Bu barədə Hüseynov Amerikanın Səsinə müsahibəsində bildirib.
O Fərəc Quliyevin rüşvət təklif etdiyini deyib.
“Biz telefonla danışmamışıq. Bir həftə bundan qabaq onunla görüşmüşük. Fərəc Quliyev dəfələrlə mənə zəng edib. Onun axırıncı zəngindən sonra biz qərara gəldik ki, görüşək. Mən, səlahiyyətli nümayəndəm Ülvi Həsənov və bir jurnalist getdik. Mən təklif etmişdim biz, üçümüz görüşək. Fərəc Quliyev təklif etdi ki, təkbətək təcili danışmalıyıq. Orada söhbət baş verib. Yəni, bu telefon danışığı deyil.”
Your browser doesn’t support HTML5
Hüseynov deyib ki, Quliyevin zənglərindən şübhələnib və görüşə hazırlıqlı gedib.
“Çünki orada təxribat da ola bilərdi. O danışıq zamanı bildirdi ki, seçkidə namizədliyimi geri götürüm. Namizədliyimi geri götürsəm, mənə vədlər, təkliflər verdi. Komandamın üzvlərinə təkliflər verdi. Mən bildirdim ki, bu seçkidir, mübarizədir. Gəlin mübarizə aparaq. Şəffaf seçki keçirilərsə, siz qazansanız mən sizi təbrik edəcəm, mən qazansam siz məni təbrik edərsiniz. Digər namizədlər qazansa onları təbrik edərik. Mənə pullar, vəzifələr təklif edirsiniz. Bu mənim üçün deyil. Pula və vəzifə təklifinə görə namizəıdliyimi geri götürmürəm.”
Sənə 10-15 min manat civarında müalicə adı ilə pul təklif edirəm və bunu rüşvət kimi qəbul etmə. Orada bir söz də var ki, sənin komanda üzlərinə də maliyyə dəstəyi verə bilərəm.Mehman Hüseynov, deputatlığa namizəd
Hüseynovun sözlərinə görə, Quliyev ona vəkili olmasını təklif edib.
“Dedi ki, gəl mənim köməkçim ol, məni dəstəklə seçkiləri qazanım. Sonra yanımızda bir QHT, gənclər təşkilatı açaq. Pul buraxaq, yanında komanda üzvlərin varsa onları cəlb edək. Konkret rəqəmlər də dedi. Sənə 10-15 min manat civarında müalicə adı ilə pul təklif edirəm və bunu rüşvət kimi qəbul etmə. Orada bir söz də var ki, sənin komanda üzlərinə də maliyyə dəstəyi verə bilərəm. Sən bununla razılaşsan gələcəkdə maliyyə problemlərin olmayacaq. Bu mənim üçün qeyri-ciddi təklifdr. Ona görə də bu təklifi dəyərləndirmədik,” o qeyd edib.
Mehman Hüseynov Baş Prokurorluğa, Mərkəzi və Dairə Seçki Komissiyalarına rüşvət təklifinin araşdırılması üçün müraciət edib.
“Mənimlə bərabər deputalığa namizədlər Etibar Əliyev və Orxan Kəngərli də faktın araşdırılması üçün müraciətlər edib. Mən Yeni Azərbaycan Partiyasının namizədinin də bizə qoşulmasını istəyirəm,” o Amerikanın Səsinə müsahibəsində deyib.
Fərəc Quliyev: Rüşvət təklif etməmişəm
Deputatlığa namizdə Fərəc Quliyev Amerikanın Səsinə müsahibəsində Mehman Hüseynovla danışığının olduğunu təsdiq edib. Amma rüşvət təklif etmədiyini bildirib.
Your browser doesn’t support HTML5
“Mehman Hüseynovun sosial şəbəkələrdə yaydığı audioyazı mənim danışığımdan montaj edilmiş hissədir. Mən bununla bağlı bəyanat vermişəm. Normal şəkildə mənimlə rəqib olan Hüseynovu dəvət etmişəm, namizədliyindən geri çəkilməsini və vəkilim olmasını təklif etmişəm. Gənclər təşkilatında təmsil olunmasını istəmişəm. O söhbət əsnasında bildirib ki, ayağında şiş var, ola bilər ki, bədxassəli olsun. Analiz verib. Bədxassəli şiş olarsa seçkidən çəkiləcək. Mən ona müayinələrinin nəticəsindən asılı olmayaraq müalicəsi üçün dəstək verəcəyimi bildirmişəm. Amma, çox təəssüf ki, bu söhbəti yazıb. Məkanıma gələn şəxsin cibini yoxlamaq mənim davranışıma uyğun deyil. O özü də deyib, 45 dəqiqəlik söhbətdən 5-6 dəqiqəlik montaj edilmiş bir hissə yayıb.”
Mən ona dedim ki, müalicəsinə kömək edərik. Bunu seçkiyə uyğunlaşdırb vermək düzgün deyil.Fərəc Quliyev, deputatlığa namizəd
Quliyev rüşvət təklifi ilə bağlı iddianın düzgün olmadığını deyib.
“Mən ona dedim ki, müalicəsinə kömək edərik. Bunu seçkiyə uyğunlaşdırb vermək düzgün deyil.”
O deyib ki, həyatı şəffafdır və hər hansı rüşvətdə əli yoxdur.
“58 yaşım var. Nə kimsə mənə rüqşvət təklif edə bilməz, nə də mən kiməsə rüşvət təklif etməmişəm. Mən indi də bəyan edirəm ki, Mehman müalicəsi ilə bağlı müraciət edərsə kömək etməyə hazıram. Bu bir insani məsələdir və bir misal da çəkmişəm ki, bir alimə də kömək etmişik,” o Amerikanın Səsinə deyib.
Ekspert: Müraciət araşdırılmalıdır
Demokartik Təşəbbüslər İnstitutunun (DTİ) rəhbəri, Məkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov hesab edir ki, Mehman Hüseynovun müraciəti araşdırılmalıdır.
Qurbanov “Seçki Məcəlləsi”nə istinadən bildirib ki, namizədin seçkidə iştirakına müdaxilə etmək, namizədə təzyiq göstərmək, onu ələ almaq qadağandır.
“Fərəc Quliyev deyir ki, maddi vəsait verilməsi təklifini Hüseynovun müalicə olunması məqsədilə edib. Hüseynov isə deyir ki, bu namizəd kimi ələ alınmaq istəmək cəhdidir. Yəni, istənilən halda hadisə araşdırılmalıdır. Hesab edirəm ki, hətta müalicə üçün təklif olubsa belə, qarşı tərəfə seçkilərdən namizəd kimi geri çəkilməsi şərti ortaya qoyulub. Əgər təklifin arxasaında tələb varsa, bu hansısa sırf müalicə məqsədi güdmür. Bu aydın görünür. Ona görə də bu proses aidiyyatı üzrə araşırılmalıdır, bu, namizədliyin ləğvi məsələsi də ola bilər”, ekspert qeyd edib.
Rəsmi qurumlar hələ məsələyə münasibət bildirməyib.