Seçki günü ABŞ-da COVID-19-a 90 mindən çox insan yoluxub

Çərşənbə axşamı ABŞ seçiciləri qızğın rəqabət şəraitində keçən prezident seçkilərində səs vermək üçün növbədə dayanarkən, ölkədə bir gündə rekord səviyyədə COVID-19-a yoluxma halları qeydə alınıb.

Cons Hopkins Universitetinin Koronavirus Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış məlumatda seçki günü 1130 ölüm halı daxil olmaqla, ölkədə ümumilikdə 91 530 təsdiqlənmiş yoluxma halının qeydə alındığı bildirilib. Bundan əlavə, The Atlantic jurnalının COVID İzləmə Layihəsinin məlumatına görə, çərşənbə axşamı 50 000-dən çox insan xəstəxanaya yerləşdirilib.

Keçən həftə 20-dən çox ştatda bundan əvvəlki hər hansı digər yeddi gün ərzində COVID-19-a ən çox yeni yoluxma hallarının qeydə alındığını bildirilib. Prezidentlik yarışlarında böyük rol oynayan üç ştatda - Michiqan, Ohayo və Pennsilvaniya ştatlarında çərşənbə axşamı rekord sayda yoluxma halları qeydə alınıb.

Pandemiya ABŞ-da idman dünyasına bütün səviyyələrdə təsir etməyə davam edir. Visconsin Universitetinin İdman fakültəsi çərşənbə axşamı komandanın oyunçuları və məşqçi heyəti arasında davam edən koronavirüs səbəbindən ölkənin ən güclü komandalarından biri olan futbol komandasının bu şənbə günü Purdue Universitetinə qarşı planlaşdırdığı oyunu ləğv etdiyini bildirib.

ABŞ 232 627 ölüm halı daxil olmaqla, COVID-19-a 9,3 milyondan çox yoluxma halı ilə dünyada birinci yerdədir.

ABŞ prezidenti Donald Trampın Koronavirusa dair İşçi Qrupunun aparıcı üzvlərindən biri təxminən bir ildir davam edən COVID-19 pandemiyasının ölkədə "ölümcül mərhələyə" daxil olduğu ilə bağlı xəbərdarlıq edib.

Xəbər agentliklərinin verdiyi məlumata görə, işçi qrupunun koordinatoru, doktor Debora Birks bazar ertəsi administrasiya rəsmilərinə məhdudiyyətlər və amerikalıları maska taxmaq, sosial məsafəni qorumağa çağırmaq və ciddi test proqramına başlamaq da daxil olmaqla virusun qarşısının almaq üçün addımlar atmaq arasında “balanslı bir yanaşma” tətbiq etmək tövsiyələri ilə bağlı müraciət edib.