“Index on Censorship” təşkilatı jurnalist kateqoriyası üzrə “2017-ci il “İfadə Azadlığı Mükafatı’na “Azadlıq” qəzetinin şərhçisi Seymur Həzini namizəd kimi irəli sürüb.
Mükafat son 12 ay ərzində namizədlərin gördükləri işlərə görə verilir. Siyahıda 400 nəfər namizəd var.
Bundan öncə “Sərhədsiz Reportyorlar” beynəlxalq hüquq müdafiə təşkilatı Seymur Həzini 2016-cı ildə Mətbuat Azadlığı mükafatına namizədlərin arasında göstərib. Təşkilatın məlumatında Seymur Həzinin Azərbaycandakı yeganə müxalifət qəzeti olan “Azadlıq ”ın əməkdaşı və “Azərbaycan Saatı” proqramının aparıcısı olduğu, 2014-cü ilin avqustunda saxta ittihamla həbs edildiyi bildirilir.
Seymur Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb.
Jurnalist bu ittihamı rədd edir, həbsini jurnalistlik fəaliyyəti ilə bağlayır.
“Amnesty International” təşkilatı onu vicdan məhbusu kimi tanıyıb.