Sevgim Rəhmanov: Azərbaycanda Ticarət haqqında qanun yoxdur

Sevgim Rəhmanov: Azərbaycanda Ticarət haqqında qanun yoxdur

Kim harada istəyir mağaza açır. Ölkədə bir milyon insan ticarətlə məşğul olur, amma “Ticarət haqqında” qanun yoxdur. Ekspert ticarət sahəsində mövcud durum, ticarətin nizamlanması və bu sahədəki korrupsiya hallarından danışıb.

Azərbaycan Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycanda ticarət sahəsində mövcud durum, ticarətin nizamlanması və bu sahədəki korrupsiya hallarından bəhs edib.

Onun fikrincə, korrupsiyaya qarşı mübarizə bir neçə məmurun işdən çıxarılması demək deyil. “Ticarət sahəsində geniş maarifləndirici təhsilə və mövcud qanunverici və digər normativ aktlara riayət olunmasına ehtiyac var”.
Ekspert hesab edir ki, ticarətdə korrupsiyanın qarşısının alınması istiqamətində mühüm addımlardan biri atılıb - sahibkarlar vergi bəyannamələrinin doldurulması və Vergilər Nazirliyinə elektron müraciətlər zamanı “vahid pəncərə” prinsipinə keçiblər. “Lakin ölkədə nağdsız ticarət terminallarını barmaqla saymaq olar, bir çox yerlərdə bankomatlar işləmir ki, bu da nağdsız hesablaşma sistemini əngəlləyir. Bütün bunların şüurlu şəkildə edildiyi barədə fikirlər mövcuddur”.
Cənab Rəhmanovun fikrincə, qayda-qanunun pozulması müqabilində cəzasızlıq sindromu var. “Belə ki, 2003-cü ilin sonlarına qədər ticarət məntəqəsi açmaq üçün İqtisadi İnkişaf Nazirliyindən razılıq almaq lazım idi. Hazırda hər şey bir qədər asandır - lazımi məmura pul verirsən və o hər şeyə göz yumur. Buna görə hər həyətdə 4-5 ticarət obyekti var”.
Ekspertin dediyinə görə, ölkədə 1 milyon insan ticarətlə məşğuldur. “Amma, “Ticarət haqqında” qanun yoxdur. Ticarət yalnız Nazirlər Kabinetinin ticarət qaydalarını tənzimləyən 80 saylı qərarı ilə nizamlanır. O da zamanın tələbinə cavab vermir, burada mövsümü ticarət haqqında bir kəlimə belə yoxdur, baxmayaraq ki, yerli şəraitdə bu kütləvi sahibkarlıq növü ilə 9-10 ay məşğul olmaq olar”.
Hamı ölkə prezidentinin “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçı hüquqlarının təmin edilməsi üzrə bəzi tədbirlər haqqında” ötən ilki Fərmanına ümid bəsləyir. Lakin bir ildən çox vaxt keçib, problemin kompleks həllinə sistemli yanaşma olmadığı üçün nəticə yoxdur. “ Pərakəndə şəbəkə yoxlanarkən ictimaiyyətə yüzlərlə pozuntuya yol verən obyektlər, yüzlərlə ton zay məhsul haqqında məlumat verilir, yəni vətəndaşların gözündən pərdə asılır. Heç kim bir dənə də olsun inhisarçı qurumun aşkar edilib-edilmədiyi barədə danışmır. Məsələn, ölkəyə buğda və ya kartof, alkoqol məhsulu və ya yağ idxalını himayə edən bir məmurun da olsa adı açıqlanmır”.
Cənab Rəhmanov ticarət obyektlərinin çoxsaylı dövlət qurumları tərəfindən yoxlanmasını düzgün saymır. “Yoxlamaların kütləviliyi və sıxlığı malların dəyərinə təsir edir. İqtisadi İnkişaf Nazirliyindən başqa, Səhiyyə Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də yoxlamalar aparır”, - deyə o qeyd edib.