Tehranda iranlılar Səudiyyə Ərəbistanı səfirliyinə hücum edəndən bir gün sonra Səudiyyə Ərəbistanı İranla bütün diplomatik əlaqələrini kəsib. Hücum və nümayişlərə səbəb isə Səudiyyə hökumətinin tanınmış şiə ruhanisini edam etməsidir.
Səudiyyə Ərəbistanının xarici işlər naziri bu addımı bazar günü elan edib və bütün iranlı diplomatların ölkəni 48 saat ərzində tərk etməli olduqlarını bildirib.
Şeyx Nimr Əl-Nimr və digər 46 nəfərin edamı beynəlxalq etiraza və regionda diplomatik gərginliyin qəfil artmasına səbəb olub.
Qəzəbli etirazçılar şənbə günü Tehranda yerləşən səfirlik və Məşhəddə yerləşən Səudiyyə Ərəbistanı konsulluğuna hücum edərək, mebelləri sındırıblar və polis onları çıxarmazdan əvvəl səfirliyi atəşə tutublar.
Şeyx Nimr Əl-Nimr və digər 46 nəfərin edamı beynəlxalq etiraza və regionda diplomatik gərginliyin qəfil artmasına səbəb olub. Tanınmış şiə ruhanisi olan Əl-Nimr Səudiyyə Ərəbistanında hakim kral ailəsinin sərt tənqidçisi idi.
Bazar günü yüzlərlə iranlı Tehranda etiraz yürüşləri təşkil edib və Əl-Səud ailəsi, eləcə də Səudiyyə Ərəbistanının bu addımını dəstəklədiklərinə inandıqları ABŞ və İsrailə qarşı şüarlar səsləndiriblər.
Daha öncə isə İranın ali dini lideri Ayətullah Səyyid Əli Xamneyi Səudiyyə Ərəbistanının Şeyx Nimr Əl-Nimrin edamına görə "ilahi qisas" alacağını bildirib.
Bəhreyndə baş qaldıran etirazlar zəminində polis insanlara qarşı bibər qazından istifadə edib.
İran və Səudiyyə Ərəbistanı 1979-cu ildə şiə ruhanilərin hakimiyyətə gəlməsi ilə nəticələnən İran inqilabından bəri müsəlman dünyasında liderlik uğrunda rəqabət aparırlar.
2003-cü ildə ABŞ-ın İraqa hərbi müdaxiləsindən sonra şiələrin Bağdadda hakimiyyətə gəlməsi və regiondakı dini güc tarazlığında dəyişiklik məzhəblərarası gərginlikləri artırıb.