9 səudiyyəli müqabilində 109 yəmənli azad edilib

.

Yəməndə şiə üsyançılara qarşı döyüşən Səudiyyənin başçiliq etdiyi koalisiya qüvvələri bildirib ki, bazar ertəsi günü onlar 109 Yəmənlini 9 Səudiyyəliylə dəyişdiriblər.

Koalisiya qüvvələrinin yayımladığı bəyanatda Səudiyyəlilərin harada və ya necə həbs edildiyi barədə məlumat verilməyib. Yəmənlilərin isə Səudiyyə sərhəddinə yaxın yerdə saxlanıldığı bildirilib.

Şiə Huti üsyançıları Yəmənin paytaxtı Səna şəhərini 2014-cü il sentyabr ayında ələ keçirib. Keçən il isə üsyançılar liman şəhəri Ədən istiqamətində irəliləyərək prezident Abdu Rabu Mansur Hadinin Səudiyyə Ərəbistanına qaçmasına səbəb olmuşdular.

Səudiyyəlilər isə buna cavab olaraq koalisiya qüvvələri quraraq Huti üsyançılarına qarşı hava hücumlarına başlamışdılar. Münaqişə Səudiyyə-Yəmən sərhədinə qədər irəliləmişdi.

Münaqişə nəticəsində indiyədək 6,000 insan həlak olub.