“Təbriz özü nə edəcəyinə qərar verə bilir” [Audio-Müsahibə]

Səttar Sevigin

Səttar Seviginin fikrincə, İranda inqilablar beşiyi olan Təbriz mövcud şərait və öz gücünə baxaraq nə zaman hərəkətə keçəcəyinə dair qərar verə bilər. İsveç Azərbaycan Federasiyasının başqanı Amerikanın Səsi ilə söhbətdə İrandakı son etiraz dalğalarının əhəmiyyətini şərh edib, türklər - ələlxüsus Təbrizin sərgilədiyi mövqeyi dəyərləndirib.

Your browser doesn’t support HTML5

Səttar Sevigin İranda etirazları şərh edir

Səttar Sevigin deyir, “etirazlar ilk başlananda, bunun arxasında siyasi məsələlər görünmürdü. Deyirdilər, bizim sərvətimiz Əsədə xərclənir, Livanda Hizbullaha xərclənir. Onları boşlayın, gəlin bizim öz həyatımıza yetişin. Bu millətin haq səsi idi. Əhali çox əziyyət çəkib. İnsan haqları tamamilə pozulur. Bu son zamanlar daha da dərinləşib. Ruhani də verdiyi vədlərə əməl etmədi.”

Qadınlar, kişilər, uşaqlar, bütün siniflər çətinlik çəkirlər. Dünya standartlarına baxanda İrandakı vəziyyət heç bir standarda sığışmadığı üçün, təbii olaraq millət etiraza qalxdı..
Səttar Sevigin

Onun dediklərinə görə, 1979 İslam İnqilabından sonra, ilk dəfə idi ki, hakimiyyət dəyişikliyinə dair şüarlar səslənildi.

Sevigin həmçinin kütləvi etirazların “çatışmayan yönlərinə” diqqət çəkir:

“Etirazların çatışmayan yönləri də var idi. Biri bu ki, istər hakimiyyətin içindən, istər xaricdən bəzi əllərin bu etirazlarda rolu var idi, ancaq, müəyyən bir platform üzərində olmadığı üçün uzun sürə bilmədi. Müəyyən bir lider ya liderlərin də ortada olmadığı üçün özünə məxsus bir hərəkat idi və buna görə də bir neçə gündən sonra səs batdı. Hələlik bir xəbər yoxdur. Lakin, sonra başqa bir formada dalğa kimi gələ bilər.”

Səttar Seviginin dediklərinə görə, bu etirazlara səbəb olan çətinliklər əslində bütün bölgələr və ictimai siniflərin üzləşdiyi çətinliklərdir.

“38 ildir İslam Respublikasının quruluşundan keçir. Millətin boğazına yığışıb. Bıçaq sümüyə dayanıb. Yəni bütün şəhərlərdə insanların haqqı pozulur. Qadınlar, kişilər, uşaqlar, bütün siniflər çətinlik çəkirlər. Dünya standartlarına baxanda İrandakı vəziyyət heç bir standarda sığışmadığı üçün, təbii olaraq millət etiraza qalxdı..,” deyə o ifadə edir.

Tehran Universitetində nümayiş. 30 dekabr, 2017.

Türk fəal, xüsusilə Təbrizin sərgilədiyi mövqeyə diqqət çəkərək, orada yaşayan insanların ən yaxşı qərarı verəcəyinə inandığını söyləyir.

“Təbriz bizim beyin mərkəzimizdir. İranda inqilabların beşiyi olmuşdur. Bu dönəm Təbrizin davranışı tam fərqli idi. Xaricdə bəzi yoldaşlar buna etiraz edirdilər. Məncə biz etiraz edə bilərik, ancaq içəridəkilərə basqı etmək lazım deyil. Onlar özləri qərar verə bilər,” Sevigin əlavə edir.