İlham Əliyev Şərqi Azərbaycan vilayətinin valisi ilə görüşüb

İlham Əliyev və İsmayıl Cabbarzadə

Prezident İlham Əliyev oktyabrın 20-də İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadəni qəbul edib.

Prerzident Əliyev bildirib ki, İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin səfəri Azərbaycan-İran ikitərəfli münasibətlərinin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

Əlaqələrin uğurla inkişaf etdiyini bildirən İlham Əliyev ölkələrin bütün sahələrdə dostluq və qardaşlıq prinsipləri əsasında birgə fəaliyyət göstərmələrinin önəmini vurğulayıb.

İran prezidenti Həsən Ruhaninin Azərbaycana, özünün isə İrana rəsmi səfərlərindən sonra ikitərəfli əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu deyən dövlət başçısı siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, səhiyyə və digər sahələrdə münasibətlərin inkişafından məmnunluğunu ifadə edib.

Həyata keçirilən bir çox müştərək layihələrə, o cümlədən İran-Azərbaycan dəmir yolu layihəsinə toxunan prezident bu layihələrin regional əhəmiyyətini yüksək qiymətləndirib. Dövlət başçısı iki ölkənin uğurlu əməkdaşlığının regionda sabitliyin möhkəmləndirilməsi baxımından rolunu xüsusi qeyd edərək bildirib ki, “bütün bunlar dövlətlərimizin siyasətlərinin xalqlarımız tərəfindən dəstəkləndiyini göstərir”.