Sərhədsiz Reportyorlar: Azərbaycanda həbsdə əziyyət çəkən jurnalistlərin taleyindən narahatıq

Sərhədsiz Reportyorlar: Çin, İran və Eritreya “media üçün ən böyük həbsxanalardır”

“Onlar amansız rəftara, təqiblərə və müxtəlif məhrumiyyətlərə səbr etmək məcburiyyətindədirlər. Bakı hökuməti beynəlxalq öhdəliklərini və yerli qanunları pozur”.
Mərkəzi qərargahı Parisdə yerləşən “Sərhədsiz reportyorlar” təşkilatı artıq bir neçə aydır həbsdə oturan və ikili cəzadan əziyyət çəkən iki azərbaycanlı jurnalistin – Əvəz Zeynallı və Hilal Məmmədovun taleyindən narahatdır.

“Onlar azadlıqdan məhrum ediliblər və amansız rəftara, təqiblərə və müxtəlif məhrumiyyətlərə səbr etmək məcburiyyətindədirlər. Bakı hökuməti bu əməlləri ilə beynəlxalq öhdəliklərini və yerli qanunları pozur”.

“Sərhədsiz Reportyorlar” həbsxana rəhbərliyini Hilal Məmmədovun, Əvəz Zeynallının və həbsdə olan bütün digər jurnalistlərin hüquqlarını dərhal təmin etməyə çağırır. Əvəz Zeynallıya həbsxanadan kənarda zəruri tibbi yardım göstərilməlidir. O, ciddi xəstəliklərdən əziyyət çəkir və ona qarşı fərqli rəftar cinayətə bərabərdir ki, bunun məsuliyyəti hakimiyyətin üzərinə düşür.

“Hər iki jurnalisti qeyd-şərtsiz azad etmək çağırışımızı təkrar edirik”.
Zeynallı ombudsman Elmira Süleymanovaya qohumları ilə görüşlərə yalnız 50-100 manat rüşvətlə icazə verilməsi haqqında şikayətlə müraciət edib. Həbsxana rəhbərliyi həmçinin Zeynallının bir sıra beynəlxalq təşkilatların, o cümlədən ATƏT nümayəndələri ilə görüşmək xahişini rədd edib.

Rəhbərlik Zeynallıya vəkili ilə təkbətək görüşməyə imkanı vermir. Onun öz qəzetinin əməkdaşları ilə əlaqə saxlamaq imkanı yoxdur və həbsxana rəhbərliyi müntəzəm olaraq onun məktublarını oxuyur.

“Tolışi Sədo” qəzetinin redaktoru Hilal Məmmədova gəlincə, o, əvvəlcə narkotik saxlamaqda ittiham edilərək həbs edilib, sonra isə ona qarşı dövlətə xəyanət və millətlər arasında ayrı seçkilik salmaq ittihamı irəli sürülüb.

Məmmədov saxlanılarkən döyülüb, fiziki və mənəvi təzyiqlərə məruz qalıb. İki gün əvvəl Nəsimi rayon məhkəməsi Məmmədovun həbsinin ilk iki günündə yeməksiz və susuz saxlanması barədə şikayətini təmin etməyib.

“Tolışi Sədo” qəzetinin əvvəlki redaktoru Novruzəli Məmmədov 2009-cu ildə həbsxanada tibbi yardım göstərilməsindən imtina edildikdən sonra vəfat edib.

Martın 13-də həbs olunmuş Zaur Quliyev – “Xəyal TV” telekanalının redaktoru da ağır şəraitdə saxlanılır. Apreldə məlum olub ki, o, həbsxana mühafizəçiləri tərəfindən qeyri-insani rəftara və psixoloji təzyiqə məruz qalıb