Sərhədsiz Reportyorlar: "İlham Əliyevin rejimi Mehman Hüseynovu azad etmək çağırışlarını qulaqardına vurur"

Mənzil qərargahı Parisdə yerləşən Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) beynəlxalq ictimaiyyəti Azərbaycan hakimiyyətinə təzyiqi artırmağa çağırıb.

"Prezident İlham Əliyevin rejimi Mehman Hüseynovu azad etmək çağırışlarını qulaqardına vurur. Onun aclıq aksiyası artıq dördüncü həftəyə daxil olub. Ailəsinin xahişilə maye, qatıq qəbul edir," qurumun bəyanatında deyilir.

Təşkilat qeyd edir ki, Avropa və Birləşmiş Ştatların Hüseynova azadlıq çağırışlarına baxmayaraq, Azərbaycan hakimiyyəti onun səhhətinin yaxşı olmasını bildirməklə kifayətlənir, “anti-Azərbaycan qüvvələri” durumdan sui-istifdədə günahlandırır.

Yalnız güclü və davamlı beynəlxalq kampaniya Azərbaycan hökumətinin Mehman Hüseynovu buraxmağa, ölkədəki azsaylı tənqidçi jurnalistləri qısnamağa son qoymağa inandıra bilər.

"Yalnız güclü və davamlı beynəlxalq kampaniya Azərbaycan hökumətinin Mehman Hüseynovu azadlığa buraxmağa, ölkədəki azsaylı tənqidçi jurnalistləri qısnamağa son qoymağa inandıra bilərdi", RSF-in Şərqi Avropa və Orta Asiya bölümünün rəhbəri Johann Bihr deyib.

"Əliyev rejiminin cəzasızlığına yubanmadan son qoyulmalıdır. Beynəlxalq ictimaiyyəti bu təzyiq kampaniyasında əli olan aparıcı şəxslərə sanksiyalar tətbiq etməyə, münasibətlərdə hər hansı yaxşılaşmanı plüralizm və hüququn aliliyinin bərpasıyla şərtləndirməyə çağırırıq", o əlavə edib.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.

O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger maye süd məhsulları içsə də qida qəbulundan imtina etməkdə davam edir.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Mehman Hüseynov həbsinin sosial şəbəkələrdə yaydığı videolarla bağlı olduğunu bildirib.

Mehman Hüseynov

Blogerə dəstək aksiyaları ara vermir. Berlində Azərbaycan səfirliyi qarşısında və Avropanın digər şəhərlərində dəstək aksiyaları olub. Həbsdə olan ondan çox siyasi məhbus kimi tanınan şəxsin də aclıq aksiyasına qoşulduğu bildirilir.