Beynəlxalq humanitar yardım təşkilatı olan Sərhədsiz Həkimlər bu gün bəyan edib ki, onlar bundan sonra Avropa Birliyindən və quruma üzv ölkələrdən heç bir maliyyə yardımı qəbul etməyəcəklər.
Qurumun veb səhifəsində açıqlanan bəyanatda Sərhədsiz Həkimlərin bu addımı Avropa Birliyinin Türkiyə ilə əldə etdiyi razılığa görə atdığı deyilir. Razılıq qaçqınların Avropaya gəlməsini ciddi şəkildə məhdudlaşdırır.
"AB-Türkiyə sazişi qaçqınları təhlükə altına atır" - deyə qurumun qlobal baş katibi Cerome Oberreyt bildirib.
Sərhədsiz Həkimlər Avropa hökumətlərini uzaqlaşdıracaqları deyil, qəbul edəcəkləri insanların sayını maksimum edərək prioritetlərini dəyişməyə çağırır.
Qurum 2015-ci ildə Avropa Birliyindən 52 milyon dollar yardim alıb. Bu, Sərhədsiz Həkimlər təşkilatının ümumi büdcəsinin 8 faizini təşkil edir. Büdcənin 29 faizi isə fərdi donorlardan daxil olur.