Oktyabrda Azərbaycan sərhədlərində tutulanlar

Sərhəd

Ay ərzində İrandan gətirilən 4 kiloqramdan çox narkotik tutulub
Oktyabr ayında Azərbaycan sərhədini pozduqları üçün 24 halda 28 nəfər saxlanılıb, onların 11 nəfəri Azərbaycan, 10 nəfəri Özbəkistan, 3 nəfəri Əfqanıstan, 2 nəfəri Türkiyə, 1 nəfəri İran və 1 nəfəri Tacikistan vətəndaşıdır. Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 10 halda 26 nəfər, Xəzər dənizində 34 halda 50 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə deyilir ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 254 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbir¬ləri nəticəsində 6 halda 4 kiloqram 296,6 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Bütün hallarda narkotik Azərbaycana İrandan gətirilərkən tutulub.

Qaçaqmalçılığa qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 40 halda ümumi dəyəri təqribən 67,8 min manat olan qaçaqmal, o cümlədən 3 ədəd pnevmatik tapança, 1 ədəd 4,5 mm-lik pnevmatik avtomat, ov tüfəngi üçün 4,3 kq qırma, 50 kq barıt, 131 ədəd patron, 8 ədəd dəyənək, 9 ədəd qandal, 7 ədəd beşbarmaq, 3 ədəd minaaxtaran cihaz, 21,5 kq zinət əşyaları, 3259 qutu siqaret, 80 ədəd mobil telefon, müxtəlif dərman preparatları, spirtli içki və digər istehlak malları saxlanıb.