Azərbaycan Dövlət Sərhəd Xidmətinin silahlı birləşmələrinin Xəzər dənizində birgə taktiki döyüş təlimi avqustun 18-də başa çatıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına görə, təlim Xəzər dənizinin Azərbaycana mənsub bölməsində təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyıb.
“Taktiki döyüş təliminin əsas hədəfləri Xəzər dənizində neft-qaz ehtiyatlarının hasilatı və daşınması infrastrukturunun, sualtı boru kəmərlərinin mühafizəsnin təşkili, sualtı müşahidə sistemləri vasitəsilə hədəflərin aşkarlanması, dənizdə və sahildə təxribat qruplarının axtarışı və zərərsizləşdirilməsi, gəmi və helikopterlərlə sərhəd axtarışının aparılması, raket-artilleriya qurğularından atışların keçirilməsi, sərhəd sularından qanunsuz məqsədlərlə istifadə hallarının, narkotik vasitələrin və digər qaçaqmalın, qeyri-leqal miqrasiya cəhdlərinin qarşısının alınması üzrə şəxsi heyətin peşəkarlıq səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsi olub”, məlumatda qeuy edilir.
Mətbuat Mərkəzi bildirir ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin, Çevik Hərəkət Qüvvələrinin pilotsuz uçuş aparatları və helikopterlərinin raket komplekslərindən, zenit-artilleriya qurğularından suüstü, sahil və hava hədəflərinə döyüş atışları həyata keçirilib, neft-qaz infrastrukturu istiqamətində təxribat qrupunu havadan dəstəkləyən pilotsuz uçuş aparatının, sualtı və sahildə düşərgə qurmuş təxribat qruplarının aşkarlanması və məhv edilməsi üzrə tapşırıqlar icra edilib.