"Bakutel 2017" Beynəlxalq Telekommunikasiya sərgisi açılıb

Bakutel sərgisi

Dekabrın 5-dı Bakıda "Bakutel 2017" XXII Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları sərgisi açılıb. Sərgidə ABŞ, Birləşmiş Ərəb Əmirliyi, Çin, Finlyandiya, Fransa, İsveç, Niderland, Türkiyə və digər ölkələrdən 192 şirkət iştirak edib.

Sərgi iştirakçıları arasında mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribyutorları yer alır.

Sərgidə bəzi ölkələr milli stendlərlə təmsil edilib.

Sərgi çərçivəsində Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında "Yüksək texnologiyalar parkı" ilə Gürcüstanın İnnovasiyalar və Texnologiyalar Agentliyi arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Memorandumun məqsədi müəssisələr arasında əməkdaşlığın genişləndirilməsi, iki ölkənin startaplarına və innovatorlarına dəstək və beynəlxalq arenaya çıxmaq üçün yardım etməkdir.

Bundan əlavə, memorandum biznes-forumların, təlim və görüşlərin keçirilməsini, elmi müəssisələr arasında təcrübə mübadiləsini nəzərdə tutur.

Sərgi çərçivəsində "Bakcell" şirkəti 5G şəbəkəsinin test variantını təqdim edib. Test sınaqları "Nokia" şirkəti ilə birgə keçirilib.

"Nokia" nümayəndəsi Samir Quliyev bildirib ki, bu şəbəkə istifadəçilərə 10 Gb/s sürəti ilə internet istifadə etməyə imkan verəcək.

"Hazırda dünyanın 100-dən çox ölkəsində belə sınaqlar keçirilir. Bütünlükdə 2020-ci ildən sonra dünya bu sistemə keçəcək", - deyə o bildirib.

Sərgi ilə Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və onların qızı Leyla Əliyeva tanış olub.

Bir qədər əvvəl İlham Əliyev sərgi iştirakçılarına müraciətində qeyd edib ki, 2013-cü ildə ilk telekommunikasiya peyki orbitə buraxılandan sonra Azərbaycan ikinci peykin buraxılmasına hazırlaşır.