Sergey Şoyqu: Çinlə hərbi oyunlar müntəzəm olaraq keçiriləcək

Rusiyada Şərqi Sibir bölgəsində Çita şəhərinin 80 kilometrliyində keçirilən hərbi manevrlər, 12 sentyabr, 2018.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Mosokva və Pekin bu həftə başlamış hərbi oyunlar kimi genişmiqyaslı hərbi təlimlərin müntəzəm olaraq keçirilməsini planlaşdırır.

Sergey Şoyqu və onun çinli həmkarı general Vey Fenge Sibirdə Rusiya hərbi qüvvələrinin 300 minə, Çinin isə 3 min 200-yə yaxın əsgərinin iştirakı hərbi oyunların keçirildiyi Tsuqoy poliqununu ziyarət ediblər.

Çərşənbə axşamı günü başlayan Vostok-2018 hərbi təlimləri Sibir, Uzaq Şərq, eləcə də Arktik və Sakit okeanlarını da əhatə edən geniş bir ərazidə keçirilir.

Vostok 2018 hərbi manevrləri

Hərbi oyunlara Rusiya hərbi qüvvələrinin 300 minə yaxın əsgəri ilə yanaşı mindən çox hərbi təyyarə, 36 mindən çox tank və zirehli maşın, Rusiya desant qüvvələri, hərbi dəniz donanmasının iki flotiliyası cəlb olunub.

Çin Tsuqoyda hərbi oyunlara 900 hərbi maşın və 30 təyyarə göndərib. Çinin manevrlərdə fəal iştirakı Pekinin Birləşmiş Ştatlarla münasibətlərinin gərgin olduğu bir zaman Rusiya ilə tam hərbi alyans istiqamətində irəlilədiyini nümayiş etdirir.

Hərbi oyunlarda Monqolustanın da hərbi qüvvələri iştirak edir.

Vostok-2018 hərbi təlimləri Qərb və Rusiya arasında münasibətlərdə gərginliyin artdığı bir vaxt keçirilir. NATO və Asiya-Sakit okean hövzəsində güclü hərbi mövcudluğa malik olan Birləşmiş Ştatlar təlimlərin yaxından izləniləcəyini bildirib.

Manevrlər sentyabrın 17-nə qədər davam edəcək.