Sərdar Cəlaloğlu: Dialoqun nə formatını, nə də gündəliyini bilmirik [Video-Müsahibə]

Your browser doesn’t support HTML5

Azərbaycan Demokrat Partiyasının sədri Amerikanın Səsinə danışır.

Azərbaycan Demokrat Partiyasaının sədri Sərdar Cəlaloğlu Amerikanın Səsinə müsahibəsində Azərbaycanda iqtidar-müxalifət dialoqu, bu il keçiriləcək parlament seçkiləri, insan hüquq və azadlıqları sahəsində islahatların vacibliyindən danışıb.

Amerikanın Səsi: İqtidar müxalifət dialoqunun təşəbbüsü kimlərdən gəlib? Bundan öncə də dialoq təşəbbüsləri olub, amma sonra davamı olmayıb. Bu dəfə necə olacaq?

İndiki görüşün təşəbbüsü Prezident Aparatıdan gəlib

Sərdar Cəlaloğlu: Əvvəla deyim ki, əvvəlki dialoqun təşəbbüsü insan haqları mərkəzindən gəlmişdi. Biz dörd partiya təşəbbüs qaldırmışdıq ki, bu görüş başlasın. Amma, indiki görüşün təşəbbüsü Prezident Aparatından gəlib. O ki, qaldı əvvəlki görüşün nəticəsinə, təbii ki, əvvəlki görüşün nəticəsi olmayıb.

Bu görüş də baş tutsun, baxaq görək, hansı məsələlər müzakirə olunacaq, ondan sonra demək olacaq ki, nəticələr olacaq, yoxsa yox.

Amerikanın Səsi: Siz də dediniz, dialoq zamanı hansı məsələlər ətrafında müzakirələr olacaq? Müzakirələrin formatı necə olacaq?

Format da keçən dəfəki formata uyğun ola bilər. Bunu ehtimal edirəm.

Sərdar Cəlaloğlu: Bu Prezident Aparatı tərəfindən təşkil olunduğundan nə formatı haqqında ətraflı məlumatımız var, nə də ki, gündəliklə bağlı məlumatımız var. Hər halda düşünürəm ki, ötən dəfə qaldırılmış məsələlərin müzakirəsinin davamı ola bilər. Format da keçən dəfəki formata uyğun ola bilər. Bunu ehtimal edirəm. Müəyyən dəyişikliklərin olması da mümkündür.

Amerikanın Səsi: Dialoqla bir nəticəyə nail olunacağına inanırsınızmı?

Əgər həqiqətən tərəflər siyasi dialoqa başlasalar bunun nəticəsi olacaq. Ancaq bu cür siyasi dialoq heç bir nəticəyə gətirib çıxara bilməz.

Sərdar Cəlaloğlu: Bu siyasi dialoqla dialoqu biz qarışdırmamalıyıq. Təbii ki, diskusiyalarla, bu cür siyasi görüşlərlə heç bir şey həll olunmur. Amma, siyasi dialoq bir demokratik prosedurdur. Demokratiyanın uzlaşma prinsipi əsasında həyata keçirilən bir prosedurdur. Seçki, inqilab cəmiyyətdə fundamental dəyişiklikliyə gətirib çıxarır. Amma, siyasi dialoq ikinci dərəcəli məsələlərin həlli ilə bağlı çox ciddi nəticələr verə bilər. Əgər həqiqətən tərəflər siyasi dialoqa başlasalar bunun nəticəsi olacaq. Ancaq bu cür siyasi dialoq heç bir nəticəyə gətirib çıxara bilməz. Siyasi dialoq hər hansı probleminn həllinə yönəlibsə iş görmək baxımından iqtidarla müxalifət arasında əməkdaşlıq deməkdir. Siyasi diskusiya isə tərəflərin danışması deməkdir. Danışmaqla iş görmək arasında nə qədər fərq varsa, siyasi görüşlərlə bu cür dialoqun arasında da o qədər fərq var.

Amerikanın Səsi: Bu dialoqla seçki islahatları, siyasi islahatlar, insan hüquqları, siyasi məhbsularla bağlı məsələləri həll etmək mümkün olacaqmı?

. İki məsələni siyasi dialoqla həll etmək mümkün deyil. Birincisi, hakimiyyətdən getmək məsələsini siyasi dialoqla həll etmək olmaz, ikincisi müxalifətin fəaliyyətinin dayandəırlmasını

Sərdar Cəlaloğlu: Ümumiyyətlə siyasi dialoq nəzəriyyəsi göstərir ki, tərəflərin birinci dərəcəli maraqları istisna olmaqla bütün maraqlarının təmin olunması üçün ən demokratik prosedurdur. Bu baxımdan ölkədə seçkilərin demokratik keçirilməsi həm iqtidarın, həm də müxalifətin marağına uyğundursa, siz deyən digər məslələr də tərəflərin marağına uyğundursa, bunun yeganə həlli siyasi dialoqdur. Başqa cür bu problemləri həll etmək mümkün deyil. İki məsələni siyasi dialoqla həll etmək mümkün deyil. Birincisi, hakimiyyətdən getmək məsələsini siyasi dialoqla həll etmək olmaz, ikincisi müxalifətin fəaliyyətinin dayandəırlmasını. Yerdə qalan bütün məsələlər siyasi dialoqla həll oluna bilər.

Amerikanın Səsi: Bu dialoq ölkədə köklü islahatlara səbəb ola bilərmi?

Azərbaycanda iqtisadi inkişafı izləməyən bir siyasi durğunluq var.

Sərdar Cəlaloğlu: Mən dünyada və geopolitikada baş verən son konyekturanı nəzərə alıb belə düşünürəm ki, Azərbaycan iqtidarı müəyyən addımlar atmalıdır. Çünki Azərbaycanda iqtisadi inkişafı izləməyən bir siyasi durğunluq var. Bu da təbii olaraq iqtisadiyyatda çox ciddi bir böhranın yaranmasına gətirib çıxarır. Məsələn, biz indi tez-tez korrupsiyadan danışırıq. Əslinə baxsan, korrupsiyanın Azərbaycanda çiçəklənməsinin yeganə səbəbi siyasi nəzarətin olmamasıdır. Çünki çoxpartiyalı siyasi sistem formalaşmadığına, ölkədə təkpartiyalı sistem olduğuna görə, korrupsiya da bir qayda olaraq təkpartiyalı siyasi sitemlərdə inkişaf edir. Bu baxımdan, əgər biz iqtisadiyyatda yaranan problemləri həll etmək istəyiriksə, ölkəni doğrudan da inkişaf etdirmək istəyiriksə dövlətin bütün sferalarında inkişaf olmalıdır, o cümlədən də siyasi sferada. Siyasi sferada inkişaf üçün isə siyasi dialoq zəruridir.

Amerikanın Səsi: Siz müxalifət lideri kimi hansı məsələləri bu dialoqda qaldırmaq fikrindəsiniz?

Demokratiyanın iki prinsipi var. Çoxluluq prinsipi, bir də konsensus prinsipi. Çoxluluq prinsipi seçki və inqilablarda özünü göstərir. Başqa heç bir yerdə çoxluluq prinsipi nəzər alına bilməz. Konsensus prinsipi isə yalnız siyasi dialoqda tətbiq oluna bilər.

Sərdar Cəlaloğlu: Orada təşəbbüs bizə verilsə, mən hesab edirəm ki, birinci növbədə ölkədə qarşıdan gələn seçkilərin demokratik keçirilməsi və indiyədək alınmayan bir seçki nəticəsinin alınması məsələsinin müzakirə edilməsini təklif edərdim. İkinci Qarabağ məsələsidir ki, bu məsələdə iqtidar və müxalifətin ortaq mövqeyinin müəyyənləşməsi vacibdir. İndi iqtisadi böhran başlayıb, aztəminatlı ailələrin qorunması ilə bağlı məsələni gündəmə çıxarardım. Bu çox vascibdir. Çünki belə böhranlı vəziyyətlərdə ən çox əziyyət çəkən aztəminatlı ailələrdir. Çoxlu məsələlər var. Sadəcə təki tərəflər buna razı olsun ki, bir yerdə əməkdaşlıq edib məsələləri həll etsin. Demokratiyanın iki prinsipi var. Çoxluluq prinsipi, bir də konsensus prinsipi. Çoxluluq prinsipi seçki və inqilablarda özünü göstərir. Başqa heç bir yerdə çoxluluq prinsipi nəzər alına bilməz. Konsensus prinsipi isə yalnız siyasi dialoqda tətbiq oluna bilər. Bu baxımdan demokratiyanın inkişafı üçün hər iki prinsipin tətbiqi lazımdır. İndiki halda isə biz siyasi dialoqu ona görə təklif edirik ki, cəmiyyətdə konsensus prinsipi bərqərar olsun.

Amerikanın Səsi: Bəs, davamlı olacaqmı?

Hər şey tərəflərin səmimiyyətindən asılıdır.

Sərdar Cəlaloğlu: Hər şey tərəflərin səmimiyyətindən asılıdır. Əgər müxalifət bu görüşlərdə iqtidara bir zərbə vurmaq istəyirsə və yaxud iqtidar müxalifətin nüfuzuna hər hansı zərbə vurmaq məqsədi güdürsə, təbii ki, bu cür görüşlərin xeyri yox, ziyanı olacaq. Yox, əgər tərəflər ölkədə hansısa bir inkişafı, islahatların həyata keçirilməsini istəyirsə təbii ki, çox ciddi nəticələri olacaq.

Amerikanın Səsi: Hökumətin səmimiyyətinə inanırsınızmı?

Siyasətdə səmimiyyət söhbəti yoxdur.

Sərdar Cəlaloğlu: Siyasətdə səmimiyyət söhbəti yoxdur. Siyasətdə zərurətə görə maraqların təmin edilməsi var. İndiki beynəlxalq zərurət, ölkə daxilindəki vəziyyət Azərbaycan iqtidarının müəyyən addımlar atmasını zəruri etdiyinə görə inanıram ki, müəyyən addımlıar atılacaq.