Sərdar Cəlaloğlu: Siyasi məhbus iqtidarın müxalifətə siyasi yolla qalib gəlmək imkanı olmayan ölkələrdə yaranır [Audio]

ADP sədri Sərdar Cəlaloğlu

Azərbaycanda bir deputat yerinə bir-iki milyon rüşvət istəyirlər, seçilmək hüququ pozulmuş şəxsin şikayətinə isə Avropa Məhkəməsi 5-7 min avro cərimə kəsir
Azərbaycan Demokrat Partiyasının sədri, keçmiş siyasi məhbus Sərdar Cəlaloğlu Amerikanın Səsi radiosuna müsahibəsində Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslarla bağlı qəbul etdiyi meyarlardan danışıb.

Your browser doesn’t support HTML5

Sərdar Cəlaloğlu ilə müsahibə


“Azərbaycanda insanlar siyasi mövqelərinə görə siyasi məhbus olur. İkinci siyasi motivlərlə həbs edilən insanın bütün məhkəmə instansiyalarında hüquqları pozulur. Üçüncü, effektli müdafiə hüququ yoxdur. Siyasi məhbusun vəkilinin qaldırdığı vəsatət hər hansı məhkəmə instansiyasında və istintaq zamanı nəzərə alınmır”, S.Cəlaloğlu bildirib.

O Azərbaycanda ədalətli və azad məhkəmə sisteminin olmadığını diqqətə çatdırıb.

“Hansısa bir ölkədə ədalətli, azad məhkəmə sistemi yoxdursa, siyasi və ya qeyri-siyasi olan insanların hüquqları pozulur. Belə ölkələrdə ictimaiyyət, vətəndaş cəmiyyətləri, siyasilər həbsə alınmış insanı siyasi məhbus adlandırırsa, bu əsas götürülməlidir”.

ADP sədri hesab edir ki, siyasi məhbus iqtidarın müxalifətə siyasi yolla qalib gəlmək imkanı olmayan ölkələrdə yaranır.

“Məsələn, son illərdə iqtidarda olan Yeni Azərbaycan Partiyasının bir təmsilçisi belə hansısa siyasi partiya, xüsusilə də müxalifət təmsilçisi ilə mediada debata çıxmayıb. İqtidardakı siyasi qüvvə qanuni və demokratik seçkilər yolu ilə hakimiyyəti əlində saxlaya bilməyəndə siyasi məhbuslar yaranır. Əgər, Azərbaycan beynəlxalq standartlara cavab verən seçki keçirmirsə, həm də Gülər Əhmədovanın ortaya çıxardığı kimi seçkilər rüşvət və korrupsiya mənbəyi kimi həyata keçirilirsə, bu o deməkdir ki, həmin ölkədə siyasi məhbus ümumi prosesin tərkib hissəsidir”.

Cənab Cəlaloğlunun şikayəti əsasında Avropa İnsan Haqları Məhkəməsi dörd qərar qəbul edib.

“Avropa Məhkəməsi mənim ilk şikayətimi 1997-ci ildə təmin edib. Digər qərarları isə 2011 və 2012-ci ildə olub. Bu qərarların heç biri Azərbaycan tərəfindən yerinə yetirilməyib. Mənə işgəncə verilməsi ilə bağlı Avropa Məhkəməsinin qərarı icra olunmur. Respublika prokuroru ardıcıl olaraq Avropa Şurası Nazirlər Kabinetini aldadır ki, guya istintaq gedir, nəyisə araşdırmağa çalışırlar. Halbuki, bunlar yalandır. Sübut da ortalıqdadır. Mənə işgəncə verən şəxs də məlumdur. O yaxın qohumdur. Ali Məhkəmə bizim qeyri-qanuni həbsimizlə bağlı Avropa Məhkəməsinin qərarını icraya yönəltməyib. Faktiki məsələlər açıq qalır”.

Partiya sədri 2005-ci ildə onun deputat seçkiləri zamanı seçilmək hüququmun pozulması ilə bağlı Avropa Məhkəməsinin qərarlarının da yerinə yetirilmədiyini deyib.

“Bununla bağlı dəfələrlə Avropa Məhkəməsinin sədrinə və Avropa Nazirlər Kabinetinə müraciət etmişəm. Amma, buna baxmayaraq vəziyyət dəyişmir, qərarlar yerinə yetirilmir. Azərbaycan yalnız Avropa Məhkəməsinin çox cüzi, cinayətkarlığa təşviq edən cəriməsini (5, 7, 10 min avro miqdarında) ödəyir. Təsəvvür edin, Azərbaycanda bir deputata yerinə bir-iki milyon rüşvət istəyirlər, həmin dairədə seçilmək hüququ pozulmuş şəxsin şikayəti üzrə Avropa Məhkəməsi 5-7 min avro cərimə kəsir. Bu imkan verir ki, Azərbaycan bir dairədən aldığı rüşvətlə bütün dairələr üzrə Avropa Məhkəməsinin qərarlarını ödəsin və digər dairələrdə seçkiləri saxtalaşdırıb korrupsiya yolu ilə milyonlarla pul qazansın”.

ADP sədri Azərbaycan hökumətinin AŞPA-nın siyasi məhbus meyarlarını yerinə yetirəcəyinə inanmır.

“Beynəlxalq təşkilatların özləri də bəzi məsələlərdə siyasi konyekturaya yol verir, qəbul etdiyi qərarlara göz yumur”.

Müəllifdən: Azərbaycan rəsmiləri bir qayda olaraq ölkədə seçkilərin demokratik, azad, ədalətli keçirildiyini və siyasi məhbusların olmadığını iddia edir.
Bununla yanaşı, beynəlxalq təşkilatlar seçkilərin beynəlxalq standartlara cavab vermədiyini və siyasi məhbusların olduğunu bildirir.