Abşeron Rayon Məhkəməsi “Azadlıq” qəzetinin əməkdaşı və “Azərbaycan Saatı” proqramının aparıcısı Seymur Həzini xuliqanlıqda təqsirli bilərək 5 il müddətinə azadlıqdan məhrum edib. Yaxınları jurnalistin "Azərbaycan Saatı" proqramında apardığı verilişlərə görə həbs edildiyini bildirir.
Jurnalist Seymur Həzinin həbsinin səbəblərini və bu həbsin "Azərbaycan Saatı" proqramına təsirlərini müzakirə etmək üçün Sərbəst Kürsü canlı forumunun qonağı "Azərbaycan Saatı" proqramının təsisçisi və "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid olub.
--------------------------------------------------------------------------------------------
Emil Quliyev [Moderator]: Təxminən bir illik fasilədən sonra Sərbəst Kürsü canlı forumu yenidən fəaliyyətini bərpa edir.
Qənimət bəy, Sərbəst Kürsüyə qatıldığınız üçün minnətdarıq. Əlbəttə, çox istərdik ki, daha nikbin mövzu üçün sizi foruma dəvət edək, ancaq təəssüf ki, bir neçə gün öncə birlikdə çalışdığınız jurnalist Seymur Həzi 5 il müddətinə azadlıqdan məhrum edildi. Əvvəlcə başlayaq ki, Seymur nə etmişdi, niyə həbs olundu?
Qənimət Zahid: Dəvət etdiyiniz üçün təşəkkür edirəm. Azərbaycanda baş verən kütləvi siyasi həbslərin fonunda əlahiddə olaraq, Seymur Həzinin həbsini o qədər də bədbin bir olay kimi qarşılamadım. Açığı, Seymur bəyin özü də, biz də çoxdan bilirdik ki, hakimiyyət bir bəhanə tapıb və ya bir bəhanə uydurub onu həbs edəcək.
Buna görə də, onun həbsini gözlənilən bir akt kimi dəyərləndirirəm. Bütövlükdə prosesin özü də anlaşılmazdır, nəinki bədbin. Repressiyalar haqqında çox oxumuşuq, çox eşitmişik. İndi, bizim üçün repressiyalar ədəbiyyat və tarix müntəxəbatı deyil, gerçəklikdir. Həm də 1993-cü ildən bəri, bu, belədir. Heydər Əliyev hakimiyyətə gələndən bəri siyasi təqiblər başlayıb və bütün bu illər ərzində artan tendensiya üzrə davam edib.
Konkret olaraq Seymura gəlincə, onun Azadlıq qəzetində yazdığı analizlər çoxdan bəri hakimiyyəti narahat edirdi. Seymur yalnız Azadlıq qəzetinin deyil, ümumiyyətlə, bütün ölkənin ən tirajlı siyasət yazarıdır. Azərbaycanda tirajı 50 mini haqlayan siyasət yazarları həbs edilməlidir və bu mənada da Seymur çoxdan həbs edilməli idi.
Bundan əlavə, Seymurun həbsini sürətləndirən və onu xüsusi qisas obyektinə çevirən ən önəmli faktın Azərbaycan Saatı olduğunu düşünürəm və hamı belə düşünür. Azərbaycan Saatı, faktiki olaraq, ölkənin ən böyük auditoriyaya sahib olan kütləvi informasiya vasitəsidir. Bizim monitorinqlərimizə görə bu proqramın ən qeyri-populyar zamanında onun izləyiciləri yüz minlərlə hesablanır. Azərbaycan Saatı efir məkanındakı sərt yasaqlara vurulan zərbə idi və Seymur da bu proqramın əsas simalarından biri, redaktoru və aparıcısı olduğu üçün avtoritarizmin sanksiyası altına düşməli idi. O, Ankaradan Bakıya döndüyü zamandan - ki, həmin vaxt biz studiyanı Bakıya köçürməyə qərar verdik - o zamandan təqib və rəsmi izləmə altında idi.
Moderator: Qənimət bəy, saytımızın izləyicisi Dilbər İsmayılova belə bir şərh-sualla sizə müraciət edib:
Plastik butulka ilə vurduğu üçün 5 il iş veriblər , şüşə olsa idi neçə il olacaqdı? Məhkəmə sədri hansı universiteti qurtarıb? Hüquq dərsini kimdən alıb? Ardıcılları kimdir?
Qənimət Zahid: Söhbət butılkanın materialından gedə bilməz, əlbəttə. Və mən sualdakı ironiyanı anlayıram. Söhbət Azərbaycanda istintaq və məhkəmə orqanlarının materialından gedə bilər. Seymurun həbsi üçün əməliyyat təşkil edilib. Buna bənzər əməliyyat bir zamanlar şəxsən mənim, daha sonra Emin Milli və Adnan Hacızadənin də həbsi üçün qurulmuşdu. Bu da eynilə həmin əməliyyatların davamıdır. Əməliyyatın gedişi və nəticəsi onu göstərir ki, bu cür həbslər ən yuxarı səviyyədə razılaşdırılır, təşkil və icra edilir. Məhkəmələr isə, polis əməliyyatının sonuna damğa vurur.
Moderator: Qənimət bəy, cavabınızda bildirdiniz ki, Seymur Həzi Azərbaycan Saatı proqramının əsas simalarında idi. Onun həbsi proqramın fəaliyyətinə nə dərəcədə təsir edib. Hər halda təsirsiz ötüşməyib.
Cavab: Əlbəttə, Seymur bəy həbs ediləndən dərhal sonra biz proqramın fəaliyyətini dayandırmalı olduq. Amma bu fasilə cəmi 1 ay çəkdi. Etiraf edirəm ki, proqramın əsas ağırlığı və ssenariləşdirilməsi, eləcə də digər yaradıcılıq prosesləri onun üzərinə düşürdü. Amma həmin vaxt mən elan etdim ki, bu həbslə Azərbaycan Saatını durdurmaq mümkün olmayacaq. Qısa müddət sonra (1 ay) biz proqramın fəaliyyətini bərpa edə bildik. İndi Azərbaycan Saatı üçün davamlı olaraq işləyən bir komanda yoxdur, sadəcə koordinasiya edən bircə nəfər var ki, bu da mənim özüməm. Mən anlayıram ki, Bakıda daimi əməkdaşlara istinad edərək proqramın davamiyyətini o əməkdaşlara ümid olmaq, yenə də bənzər problemlər yarada bilər. Buna görə də, daimi əməkdaşlıq prinsipindən imtina etməli oldum. İndi bizə videomaterialları, daha çox, problemi olan vətəndaşların özləri göndərir. Telefon nömrələri elan edilib və vətəndaşlar həvəslə bu proqramı interaktiv bir məkana çeviriblər. Bəzən ölkədəki ayrı-ayrı jurnalistlər də hansısa materialları yollayırlar, amma bunlar daimi deyil, ötəri əməkdaşlıq olur. Bəzən youtube materiallarından, Azərbaycandakı internet TV-lərin videomateriallarından istifadə edirik. Prinsipcə, biz operativ xəbər proqramı deyilik, yorumlarla məşğul oluruq. Bu baxımdan, hesab edirəm ki, mənim bu proqramı xüsusi format dəyişikliyi olmadan davam etdirməyimdə ciddi problem yaranmır. Üstəlik, artıq, mühacirətdə olan jurnalistlər də Azərbaycan Satının komandasına daxil olublar. Məsələn, Fikrət Hüseynlinin rubrikası uğurla davam edir. Bu yaxınlarda başqa mühacir jurnalistlər də proqramın yaradıcı heyətinə daxil olacaqlar. Yəni, ümumiyyətlə onu demək istəyirəm ki, Seymurun həbsindən sonra kimlərinsə sevinməsinə imkan verməyəcəyik.
Emil Quliyev: Şərurdan İsgəndər adlı izləyicimiz yazır:
- Salam Qənimət bəy. Deyə bilərsizmi televiziyanızı necə maliyyələşdirirsiniz? Pis səslənməsin, bu çətin vaxtda pulu hardan tapırsınız?
Qənimət Zahid: İsgəndər bəyə təşəkkürlər. Birmənalı olaraq bildirirəm ki, bu zamana qədər (artıq, 3 ilə çox az qalıb) Azərbaycan Saatı heç bir donor təşkilatdan qrant almayıb. Layihəni başlayanda da bizim əlimizdə böyük məbləğ olmayıb və proqramın yalnız bir ay davam etdirilməsinə yetəcək qədər vəsait olub. Tam iki il ərzində Azərbaycan Saatının obrazlı desəm, "abunəçiləri"nin tapılması üçün olduqca çoxsaylı səfərlər etməyə məcbur oldum. Bu müddət ərzində Azərbaycandan kənarda belə bir proqramın mövcudluğu və davam etməsini zəruri sayan çoxsaylı həmvətənimizlə görüşdüm. Böyük bir siyahı alınıb. Bu siyahıdakı bəzilər hətta ayda 50 manat məbləğində də yardım edir. Əlbəttə, bir qədər iri məbləğlər də olur. Məsələn, ayda kimsə 200, hətta 300 də verə bilir. Heç bir şübhəli mənbədən yardım almırıq və sponsorlarımız, hərçənd, mən onları sponsor da deyil, ianəçilər adlandırıram, - yalnız azərbaycanlılardır. Xaricdəki oliqarx azərbaycanlılardan da yardım almırıq. Zatən, Azərbaycandan kənardakı milyonçu və ya milyarder azərbaycanlıların hamısı mənasız və heç bir ictimai missiyası olmayan alverçi təfəkkürlü insanlardır. Mən onların hamısını, sadəcə olaraq, bazarın nəbzini yaxşı tuta bilən uğurlu alverçilər adlandırıram. Onlar Azərbaycan xalqına heç zaman dəyər verə bilməyəcəklər, çünki özlərinin zərr qədər də dəyərləri yoxdur. Amma orta təbəqədə, çoxlu sayda təəssübkeşlər var. Azərbaycan Saatına maliyyə yardımı edənlərin adları yalnız mənə məlumdur və Azərbaycan saatı ilə əməkdaşlıq edən heç kim bu barədə heç nə bilmir. Təbii, bəzən bu "sistem" qırılır və borclu qalırıq. Amma hətta ağır borclar yığılanda da pessimist olmuram və bilirəm ki, ödəyə biləcəyik və davam edəcəyik.
Moderator: Rasim adlı izləyicimiz yazır: Seymurun həbsi qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar ola bilərmi?
Cavab: Qarşıdan gələn parlament seçkilərinə görə hər hansı bir nəfərin həbsi planlaşdırıla bilməz. Seçkilərə görə və digər siyasi kampaniyalara görə bütövlükdə repressiyalar aparılır və Seymurun həbsi də bu repressiyaların tərkib hissəsidir.
Moderator: Tiflisdən Daşqın adlı izləyici yazır:
- Salam və ehtiramlar! Səsiniz var olsun! Azərbaycandakı vergi terrorunu ciddi arşsdırma mövzusu kimi müzakirə etməyi rica edirem.
Türkiyədən isə Rasim adlı izləyici yazır:
- Qənimət bəy salam. Azadlıq qəzetini siyasi inhisardan və böhrandan çıxarmaq mümkündürmü? -Seymur Həzinin hüquqlarının müdafiəsi ilə bağlı hansı işlər görüləcək?
Qənimət Zahid: Azərbaycanda verginin və digər bütün idarəetmə mexanizmlərinin bütövlükdə bir adı var, bu da ""administrativ terror"dur, Məncə Daşqın bəy doğru təklif verir və bütün KİV-lər (təbii ki, təpəri olanlar) bu məsələni daim diqqətdə saxlamalıdırlar.
Mən hesab etmirəm ki, Azadlıq qəzeti hansısa siyasi inhisar altındadır. Bu zamana qədər Azadlıqda çoxlu sayda insanlar işləyiblər, gəliblər, gediblər və bu proses davam edəcək. Azadlıqda qalıb indiki situasiyada işləmək xüsusi keyfiyyətlər tələb edir. Nəzərə alsaq ki, burada işləməyin perspektivi dustaq həyatı ilə bağlı ola bilər. Amma siyasi inhisarı hakimiyyətə yaxın olan qəzetlərdə axtarmaq lazımdır ki, onlar üçün tabu qoyulmuş mövzular var. Cənab Mehdiyevin siyasi kurasiyası altında olan bütün qəzetlər siyasi inhisar altındadır. Azadlıq isə bu şkalaya daxil deyil. Azadlıq siyasi inhisarı qəbul etməyən yeganə qəzetdir və onun maliyyə problemləri də məhz, buna görə, məqsədli şəkildə süni olaraq yaradılır.
Moderator: Masallıdan Laçın Əsgərli:
- Qənimət bəy, sizcə bu hakimiyyət Seymur bəyə oxuduğu 5 illik həbs cəzası müddətində hakimiyyətdə qalacağına inanırmı,siz necə?
Cavab: Laçın bəy maraqlı sual verir. Mənə elə gəlir ki, Azərbaycan hakimiyyəti nə qədər hakimiyyətdə qalacağını heç zaman təxmin edə bilməyib. Birincisi, ona görə ki, bu hakimiyyətin qanuni müddəti yoxdur. İkincisi, siyasi əsası yoxdur. Bütün bunlara görə də, yəni hakimiyyət nə qanunla, nə də siyasi münasibətlərə görə tənzimlənmədiyinə görə, o, hər zaman qorxur, hər zaman qorxudan repressiyalar təşkil edir və hər zaman da yıxılacağını gözləyir. İndi Azərbaycan hakimiyyəti faktiki olaraq, NƏ QANUNLARA, NƏ SİYASİ MÜNASİBƏTLƏRƏ, NƏ CƏMİYYƏTİN SAĞLAM ELİTASINA SÖYKƏNƏRƏK ÖZÜNÜ ayaqda saxlayır. Bu hakimiyyət siyasi, hüquqi dibsizlik üzərində mövcuddur.
Moderator: Rols leqebli biri yazir:
- Salam Qənimət bəy. Siz `oğru aləmi`ndə hörmetli şəxslərdən sayılırsınız. Bunu mən o aləmdə az-çox təcrübəsi olan bir şəxs kimi yazıram. Deyə bilərsinizmi semimi, heç elə olur ki `oğruların` diqtəsi ilə Azərbaycan Saatında nəsə verirsiniz?
Qənimət Zahid: Oğru aləmində xüsusi hörmət və izzət sahibi olduğumu söyləyə bilmərəm. Sadəcə olaraq, həbsdə olduğum müddətdə mənə hörmətlə yanaşıblar və bunun üçün də müəyyən əsaslar olub. Amma oğru aləminin kütləvi informasiya vasitələrinə aidiyyəti yoxdur. Mən də onlardan heç nəyi xahiş etmirəm və ya etməməyə çalışıram. Xüsusilə də, bu "diqtəsi ilə" sözündən heç xoşum gəlmir.
Sual [Sabir]: Azərbaycan saatı və Azadlıqda çox sərt qələmlər var. Niyə məhz Seymur Həzi?
Cavab: Bir qədər əvvəl qeyd etdim ki, Azərbaycanın avtoritar rejimi tiraj söhbətinə çox həssasdır. Seymurun azadliq.info saytında (və təbii ki, paralel olaraq Azadlıq qəzetində gedən yazılarının tirajı avtoritar rejim üçün çox təlaşlı rəqəmlərlə ifadə edilirdi. Azərbaycan Saatına gəlincə. Hökumət yalnız Seymuru cəzalandırmadı. Proqramın başqa əməkdaşı, Seymurla yanaşı, aparıcılıq edən və proqram üçün mühüm simalardan olan Natiq Ədilovu da cəzalandırdılar. Onun qardaşı Murad Ədilovu saxta ittihamlarla həbs etdilər. Bizdə onun özünün də həbs ediləcəyi barədə məlumat vardı və bu həbs zəruri idi. Bununla da, hökumət hesab edirdi ki, Azərbaycan Saatı ilə birdəfəlik söhbəti qapatmaq mümkün olacaq. Amma yanıldı...
Sual [Osman Dəmirov]: Xoş gördük. Qənimət bəy, bu yaxınlarda Yeni Müsavat qəzeti yazmışdı ki siz külli miqdarda qrant almısınız televiziya üçün. Bu nə qədər dogrudur?
Qənimət Zahid: Birmənalı şəkildə rədd edirəm. Belə bir fakt yoxdur. Azərbaycan Saatı heç zaman, heç bir məbləğdə qrant almayıb. Qrant alsaq, mən bunu gizlətməzdim. Zatən, Azərbaycan Saatı kimi bir proyektin qrantsız işləyə bilməsi, davam edə bilməsi bizim üçün qürurverici bir faktdır. Bundan başqa, belə bir proyektin qrantsız mövcud olması Azərbaycanda söz azadlığı naminə qrant ayıran təşkilatların hamısı üçün xəcalətdən başqa bir şey deyil. Mən həmin donor təşkilatların maliyyələşdirdikləri bütün proyektlərin toplam olaraq bir yerdə Azərbaycan Saatının yarısı qədər əhəmiyyətli olmadığını təkid və israrla, əminliklə bildirirəm.
Emil Quliyev [moderator]: Qənimət bəy, cavabınızdan belə başa düşmək olarmı ki, qrant təklifi almamısınız. Hər hansı təklif olsaydı, nəzərdən keçirərdiniz.
Cavab: Əlbəttə, mən istərdim ki, Azərbaycan Saatı gündəlik olsun. Amma bu, hətta yalnız maliyyə imkanları ilə da bağlı deyil. Ölkədə belə bir gündəlik proqramı informasiya ilə, xüsusilə də videoinformasiya ilə təmin edəcək volontyorlar korpusu lazımdır. Bu işi gənclər təşkilatı öz üzərinə götürə bilərlər, gənc jurnalistlər bu işə qoşula bilərlər. Hələlik, biz çalışırıq ki və ona nail olacağıq ki, Azərbaycan Saatı indiki formatda qalsın. İnkişaf etdirmək üçün isə daha böyük kollektiv lazımdır.
Sual [Master X]: Fərhad Əliyev, yoxsa Əli İnsanov. Bu adamların hansı ilə çay süfrəsi arxasında oturmağı tərcih edərdiniz?
Qənimət Zahid: Mən hamı ilə çay süfrəsi arxasında otura bilərəm. Mənim üçün fərq edən odur ki, kiminlə hansı məsələni müzakirə etmək olar. Fərhad Əliyevlə də hansısa məsələləri müzakirə etmək olar, Əli İnsanovla da. Amma indiki halda Fərhad Əliyevlə. Çünki Əli İnsanovla çay içmək üçün ən azı 3-4 ilimi itirməliyəm. İnşallah azadlığa çıxandan sonra onunla böyük məmnuniyyətlə söhbətlər edərdim.))
Moderator: Qənimət bəy, sonda belə bir sualla müraciət etmək istərdim. Seymur Həzinin azadlığa çıxması üçün hansı addımları atmısınız - bir media qurumu olaraq - və hansı işlərin görülməsini mühüm hesab edirsiniz?
Qənimət Zahid: Seymur Həzi Azərbaycanda sayı 150-ni haqlayan siyasi dustaqlardan biridir. Məncə, ölkədə siyasi dustaqların hüquqlarının müdafiəsi ilə məşğul olan bir mərkəz var və həmin mərkəzə də hörmətli Cəmil Həsənli rəhbərlik edir. Biz bütün siyasi dustaqları bir kənara qoyub yalnız Seymurun müdafiəsi və yalnız onun azadlığa çıxması üçün uğraşmaq fikrində deyilik. Söhbət bütün siyasi məhbusların azadlığa çıxmasından və ya başqa sözlə desək, siyasi məhbuslarsız Azərbaycandan gedir. Bunun üçün isə yalnız mən, bir başqası və ya Cəmil Həsənlinin rəhbərlik etdiyi mərkəz məsul deyil, olmamalıdır, ola bilməz. Cəmiyyətin bütün sağlam zümrəsi belə bir Azərbaycan uğrunda savaşmalıdır.
Emil Quliyev: Sərbəst Kürsüdə iştirakınız üçün təşəkkür edirik!
Qənimət Zahid: Sağ olun. Sizə təşəkkürlər!