Senator: ABŞ-Səudiyyə Ərəbistanı münasibətləri vəliəhdin “məsələsi həll olunmayana qədər” irəliləməyəcək

Fireworks burst on the National Mall above the Lincoln Memorial, Washington Monument and the U.S. Capitol building during Independence Day celebrations in Washington, July 4, 2022.

ABŞ Senatının nüfuzlu respublikaçı üzvü Lindski Qraham şənbə günü bildirib ki, Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanı arasında münasibətlər vəliəhd Məhəmməd bin Salmanın “məsələsi həll olunmayana qədər” irəliləyə bilməyəcək. Senator konkret nə nəzərdə tutduğunu açıqlamayıb.

Türkiyə prezidenti Rəcəd Tayyib Ərdoğanla görüşün növbəti günü Ankarada çıxış edən Qraham əlavə edib ki, ABŞ Konqresində səudiyyəli jurnalist Camal Xaşuqcinin qətlində iştirak edən insanlara qarşı yeni sanksiyalar təqdim ediləcək.

ABŞ-da yaşayan tanınmış səudiyyəli jurnalist Camal Xaşuqci Washington Post qəzetinin köşə yazarı idi. O, keçən ilin oktyabr ayında İstanbulda, Səudiyyə Ərəbistanının konsulluğunda qətlə yetirilib.

İlk günlərdə Xaşuqcinin yoxa çıxmasını inkar edən Ər-Riyad, daha sonra təzadlı izahatlar verməyə başladı. Onlardan biri qətlin “özbaşına əməliyyat” olması idi.

Səudiyyə rəsmiləri vəliəhdin bu qətl haqda məlumatsız olduğunu bildiriblər. Keçən il Səudiyyə Ərəbistanının dediyinə görə, Xaşuqci işi ilə əlaqəsi olan 21 nəfər nəzarət altına alınıb. Onlardan 11 nəfərə qarşı rəsmi ittihamlar irəli sürülüb.

Vəliəhd Məhəmməd Bin Salmanın yüksək səviyyəli müşaviri olan Səud Əl-Qahtani əməliyyata nəzarət etdiyi üçün vəzifəsindən uzaqlaşdırılıb.

Birləşmiş Ştatlar noyabr ayında Xaşuqcinin qətlində iştirak etmiş 17 Səudiyyə Ərəbistanı rəsmisinə iqtisadi sanksiyalar tətbiq edib.

Dekabr ayında ABŞ Senatı səsvermə keçirərək, Yəməndəki müharibədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya ABŞ-ın hərbi dəstəyini dayandırılması ilə bağlı qətnamə qəbul edib. Bununla bərabər, qanunvericilər yeni ildə krallığa qarşı sanksiyalar tətbiq edəcəkləri ilə bağlı vəd veriblər.