ABŞ prezidenti Barak Obamanın Amerikanın Türkiyədəki səfiri vəzifəsinə nominasiya etdiyi Fransis Riçardonenin təsdiqi ilə bağlı Senatda dinləmələr keçirilib. Dinləmələr zamanı Fransis Riçardone Türkiyə ilə bağlı sualları cavablandırıb. Riçardoneyə Demokrat senator Con Kerrinin rəhbərlik etdiyi Senatın Xarici Əlaqələr Komitəsinin üzvləri Türkiyənin İsrail və İranla münasibətləri, erməni sorqırımı iddiaları , Kirp və Yunan Pravoslav Patriarxiyası ilə bağlı suallarla müraciət edib. Yaxın günlərdə təsdiqi ilə bağlı səsvermə keçiriləcək səfirliyə namizəd Türkiyə ilə Amerikanın ortaq maraqları naminə əlindən gələni əsirgəməyəcəyini bildirib. O, Türkiyənin Amerika ilə iş birliyinin gücləndirilməsinin cavabdehliyini daşıyacağını qeyd edib. Cənab Riçardone Türkiyənin Amerika ilə ortaq hədəflərindən birinin Kürdüstan Fəhlə Partiyası-PKK-ya qarşı mübarizə olduğunu vurğulayıb. Amerikanın Türkiyənin PKK-ya qarşı əməliyyatlarını dəstəklədiyini diqqətə çatdıran səfir bildirib ki, türk liderlərinin PKK problemini aradan qaldırması həm siyasi, həm iqtisadi, həm də mədəni mahiyyət daşıyır. Riçardone deyib ki, Türkiyə kürdlər və digər xalqların insan haqları və iqtisadi vəziyyələritinin yaxşılaşdırılması sahəsində işlər aparır. Səfirliyə namizəd bildirib ki, təkcə PKK-nın zəiflədilməsi ilə bütün bunlara nail olmaq mümkün deyil. Türkiyədə demokratiya və insan hüquqları vəziyyətinin yaxşılaşdıdılması mühüm amillərdəndir-deyə o qeyd edib.
Türkiyə ilə İsrail münasibələrinə ciddi ziyan vuran Mavi Marmara hadisəsinə toxunan Fransis Riçardone əlaqələrin normallaşdırılmasının vacibliyini vurğulayıb. O deyib ki, İranın nüvə fəaliyyətlərindən çəkindirmək üçün Türkiyənin regiondakı nüfuzundan istifadə etməsinə yardım göstərəcək.
Yunan Pravoslav Patriarxiyasının dünya miqyaslı statusu ilə bağlı sualın cavabında Riçardone deyib ki, Türkiyə tarix boyu dini azlıqlara hörməti ilə tanınır, lakin tarixi gerçəyin haqqını müasir dövrdə ödəyə bilmir. O, Türkiyənin Yaxın Şərqdə önəmli bir ölkə olması üçün demokratiya, insan haqları və qanunun aliliyinə riayət etməli olduğunu deyib. Erməni soyqırımı iddilarına gəldikdə isə cənab Riçardone israrlı suallarla qarşılaşıb. Diplomatların şəxsi görüşlərinə əsaslanmadıqlarını diqqətə çatdıran səfir soyqırım məsələsində Amerika hökümətinin siyasətini dəstəkləyəcəyini bildirib.