ABŞ şəhərlərində Trampın bəraət almasına etirazlar keçirilir

Çərşənbə günü Senatın impiçment məhkəməsinin ABŞ Prezidenti Donald Trampa bəraət qazandırmasına etiraz edən kiçik qruplardan ibarət insanlar Birləşmiş Ştatların böyük şəhərlərində küçələrə çıxıb.

Senatın qərarından sonra nümayişçilər Vaşinqtonda yerləşən Kapitolinin qarşısına toplaşaraq səsverməni qınayıb və Trampın vəzifəsindən uzaqlaşdırılmasına çağırıb. Onlar şahidlərin məhkəməyə dəvət edilməməsini rüsvayçılıq kimi qiymətləndirərək Respublikaçıları dəlilləri gizlətməkdə günahlandırıb.

Nyu-Yorkda bir sıra etirazçılar Respublikaçı senatorları "qorxaq" adlandıraraq, bütün etdikləri əməllərin onlara noyabr seçkilərində xatırlanacağını deyiblər.

Sayca az olsalar da etirazçılar Texas ştatının San Antonio şəhərində bir araya gəlib.

Etirazlar habelə Boston, Filadelfiya və Çikaqoda keçirilib. Onlarla etirazçı Floridadan Republlican senator Marko Rubionun Orlando ofisinin qarşısına toplaşaraq Senatın qərarını pisləyib.

Çərşənbə günü ABŞ Senatı impiçment məhkəməsində Prezident Donald Trampa bəraət qazandırıb.

Onun siyasi divident naminə Ukraynaya təzyiq göstərməsi ilə bağlı ittihamların doğru olduğuna səs verən yeganə Respublikaçı Senator Mitt Romni olub.

Senatdakı Demokratlar prezidentə qarşı hakimiyyətdən sui-istifadə və Konstitutsiyanı əngəlləmək ittihamlarının təsdiq olunması üçün tələb olunan 67 səs qazana bilməyiblər.

Trampın impiçment məhkəməsi Birləşmiş Ştatların 243 illik tarixində prezidentə qarşı üçüncü belə məhkəmə olub. 19-cu əsrin ortalarında və 21 il öncə Bill Klintona qarşı iddialar da Senat məhkəməsi tərəfindən rədd edilmişdi.

Lakin Tramp yeganə impiç edilmiş prezidentdir ki, qarşıdan gələn seçkilərdə yenidən namizəd olacağı gözlənilir.

Prezident çərşənbə axşamı illik hesabat məruzəsində impiçmentə toxunmadı. Ancaq bütün bu müddət ərzində Tramp impiçment prosedurlarını “cadugər ovu” kimi qələmə verib.

İmpiçment maddələri Trampı Ukrayna Prezidnti Volodimir Zelenskiyə sabiq vitse-prezident Co Bayden və oğlunun araşdırılması istiqamətində təzyiq göstərməklə səlahiyyətlərindən sui-istifadə etməkdə və Kyivə Rusiyapərəst separatistlərə qarşı mübarizədə istədiyi $391 milyon dollar məbləğində hərbi yardımı müvəqqəti saxlamaqda ittiham etmişdi.