ABŞ Senatı büdcə planını qəbul etmək üçün son vaxtı uzadıb [Video]

Your browser doesn’t support HTML5

ABŞ Senatı büdcə planını qəbul etmək üçün son vaxtı uzadıb

Bu həftə hökümət xidmətləri üçün həlledici həftə ola bilər. Cümə axşamı qanunvericilər 1 trilyon dollarlıq qısa müddətlik büdcəni qəbul etmək üçün son günü təxirə salıblar. Senatın bu qanunu qəbul etmək üçün aprelin 29-na kimi vaxtı var idi. Amma əgər son günü təxirə salmadan büdcəni qəbul etməsələr, hökümət bağlanacaqdı. Müddətin uzadılmasına baxmayaraq, Amerikanın Səsinə danışan ekspertlər hökümətin 2013-cü ildəki kimi yenidən bağlanacağını gözləmirlər.

Senatın ilkin qanun layihəsini təsdiq etmək üçün 60 səsə ehtiyacı var. Bu isə o deməkdir ki, Respublikaçılar bunu tək başına edə bilməz. Demokratların səslərini ala bilmək üçün isə onlar Demokratlara bəzi güzəştlər təklif etməlidir
Co Minarek

Qanunvericilər qısa müddətlik büdcə planı üzərində razılıq əldə etmədiyi təqdirdə, qeyri-əsas hökumət xidmətləri fəaliyyətini dayandıracaq, minlərlə hökümət işçisi pulsuz məzuniyyətə göndəriləcək.

“Mən büdcənin bu həftə təsdiq olub-olmayacağını dəqiq deyə bilmərəm, amma biz sentyabrın 30-nadək davam edəcək hökümət xərcləri planı üzərində razılıq əldə etməyə çalışırıq”, Senatın Respublikaçı lideri Miç Makkonnel bildirib.

Ekspertlər deyir ki, razılıq mümkün görünür, çünki prezident Donald Tramp Meksika ilə sərhəddə tikiləcək divarın ilkin maliyyələşdirməsi təklifini geri çəkib. Conference Board-dan Co Minarek deyir ki, bu, demokratiyada kompromisin zəruri olduğunun göstəricisidir.

“Senatın ilkin qanun layihəsini təsdiq etmək üçün 60 səsə ehtiyacı var. Bu isə o deməkdir ki, Respublikaçılar bunu tək başına edə bilməz. Demokratların səslərini ala bilmək üçün isə onlar Demokratlara bəzi güzəştlər təklif etməlidir”, o deyir.

Lakin bundan əlavə bir başqa siyasi əngəl də var. Respublikaçılar büdcədən Affordable Care Act adlı sığorta planına edilən ödəmələri kəsmək istəyir. Demokratlar isə bu addımın təxminən 6 milyon aşağı gəlirli amerikalıya təsir göstərəcəyini deyir. Bankrate.com-dan Mark Hamrik isə bütün fərqliliklərə baxmayaraq, hökümətin bağlanmayacağını düşünür.

“Fikrimcə hər iki partiya başa düşür ki, hökümət bağlandığı təqdirdə qanunvericilər haqqında mənfi fikrə sahib seçicilər onlarla bağlı daha da pis fikirdə olacaqlar. Bu səbəbdən də hökümətin etməli olduğu ən əsas şey razılıq əldə etməkdir”, deyə o bildirir.

Bu, 2013-cü ilə respublikaçı qanunvericilərin hökümətin 16 günlük bağlanmasına gətirib çıxarmalarından fərqli bir haldır. O zaman, muzeylər, milli parklar və bütün qeyri-əsas hökümət xidmətləri bağlanmışdı və bu, amerikalı vergi ödəyənlərə itirilmiş məhsuldarlıq baxımından 2 ilyard dollar bahasına başa gəlmişdi. Bu dəfə isə heç bir partiya buna görə məsuliyyəti öz üzərinə götürmək istəmir.

“Bəzən insanlar bu cür oyunda qalib gəlməyə çalışırlar. Amma günün sonunda məğlub olan Amerika xalqı olur. Ona görə də, onlar kompromisə gedib, bir çıxış yolu tapmalıdırlar”, Co Minarek deyir.

Təhlilçilər deyir ki, büdcənin təsdiq edilməməsi və ya təsdiq üçün son günün təxirə salınmaması yeni adminstrasiyaya baha başa gələ bilər.