Senatın Kəşfiyyat komitəsi: Benqazidə hücumun qarşısı alına bilərdi


ABŞ Senatının Kəşfiyyat komitəsi 2012-ci ildə Liviyada Benqazi şəhərində Amerikanın diplomatik nümayəndəliyinə hücumun qarşısının alına biləcəyini bildirib.

Komitənin açıqladığı hesabatda ərazidə terror təhlükəsinin qarşısını alınması üçün kifayət qədər iş görülmədiyinə görə Dövlət Departamenti və kəşfiyyat orqanları günhalndırılıb. Sənəddə deyilir ki, Dövlət Departamenti təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi və əlavə resursların cəlb olunması ilə bağlı müraciətə baxmayaraq, durumla əlaqədar bəzi işləri görüb.

Hər iki partiyanın nümayəndələrinin hazırladığı hesabatda kəşfiyyat orqanlarının Benqazidə öz obyektlərində təhlükəsizliyi gücləndirdiyi, lakin Dövlət Departamentinin diplomatik nümayəndəlikdə eyni addımları atmadığı göstərilir.

Terror hücumu zamanı ABŞ-ın Liviyadakı səfiri Kristofer Stivens də daxil olmaqla Amerikanın dörd diplomatı həlak olmuşdu. Dövlət Departamenti hesabatla bağlı hələlik açıqlama verməyib.

Hesabatda ABŞ-ın hərbi qüvvələrinin Benqazidə hücuma məruz qalanlara yardım göstərmək üçün oraya əsgər göndərmədiyi bildirilir. Lakin orada Afrika qüvvələri komandanlığının səfir Stivensin terror hücumundan bir neçə həftə əvvəl imtina etdiyi hərbi təhlükəsizlik qüvvələrinin göndərilməsi təklifini etdiyi qeyd edilir.

Senat komitəsinin hesabatında göstərilir ki, ABŞ təhlilçiləri siyasətçillər və ictimaiyyəti çaşdıraraq, hadisəyə görə nümayişçiləri günahlandırıb, lakin bu dəlilləri təsdiq etmək üçün kifayət qədər kəşfiyyat məlumatına əsaslanmayıblar.