ATƏT Azərbaycanda mətbuat xidmətlərinin işçiləri üçün seminar-treninq keçirir

ATƏT Azərbaycanda iqtidarla müxalifətin dialoqunu təşkil edir

ATƏT rəsmisi deyib ki, yalnız Xarici İşlər Nazirliyi deyil, digər idarələr də KİV-i informasiya ilə təmin etməlidir
Noyabrın 12-də Bakıda “İnformasiya əldə olunmasında hökumət mətbuat xidmətləri və jurnalistlər arasında effektiv əməkdaşlığın rolu” mövzusunda ikigünlük seminar-treninq işə başlayıb.

Tədbir ATƏT və Azərbaycan Mətbuat Şurası tərəfindən KİV-ə Dövlət Dəstəyi Fondunun yardımı ilə təşkil olunub.

Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov deyib ki, Şərqi Avropada informasiya əldə olunmasına dair mükəmməl qanunlardan biri Azərbaycandadır. Qanun məsələnin təcili olmasından asılı olaraq 24 saat, 7 gün və 14 gün müddətində jurnalistlərə və vətəndaşlara məhdudiyyətsiz açıq məlumat verilməsini nəzərdə tutur. Yalnız dövlət, peşə, kommersiya və ya şəxsi sirr hesab edilən məlumatların açıqlanmasına məhdudiyyət qoyulur.

ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay qeyd edib ki, zəruri qanunverici baza ilə yanaşı bu hüquqi aktların tətbiqi də vacibdir.

“Yalnız Xarici İşlər Nazirliyi deyil, digər idarələr də KİV-i informasiya ilə təmin etməlidir. KİV vasitəsilə cəmiyyətlə əlaqə qurulur və bu cür əməkdaşlığın effektivliyi dövlət orqanlarına inam yaradır”.
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdir müavini Vüqar Əliyev hökumətin fəaliyyətində şəffaflığın artdığını bildirib. Onun sözlərinə görə, hazırda dövlət orqanlarının saytlarında yayımlanması mümkün informasiyanın 75%-i yerləşdirilir.

Elektron hökumətin yaradılması prosesi gedir. Hazırda Azərbaycanda 300-ə yaxın dövlət orqanı 450 növ elektron xidmət göstərir.

Seminarda iştirak edən 20-yə yaxın jurnalist mətbuat xidmətlərinin işində irəliləyişin olduğunu qeyd edib. Eyni zamanda deyiblər ki, dövlət orqanları özlərinə lazım olan informasiyanı yayır. Mətbuat aktual məsələlərlə bağlı məlumat ala bilmir.

Öz növbəsində mətbuat xidmətinin əməkdaşları jurnalistlərin səriştəsizliyindən şikayətlənib, onların mövzunu bilmədiklərini, şərhləri təhrif etdiklərini qeyd edib.

Seminarda mətbuat üçün az-çox açıq olan qurumların mətbuat xidmətlərinin işçiləri iştirak edib.