Şəki Məhkəməsi AXCP fəallarına həbs və cərimə kəsib (Yenilənib)

Şəkidə qədim zindan qarşısında flash-mob (Foto Sahib Kərimovun Facebook səhifəsindən götürülüb)

Fəallar həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun ad günü münasibəti ilə qədim zindanın qarşısında flach-mob keçirib

Şəki rayon Məhkəməsi bir neçə dəqiqə öncə AXCP Şəki rayon şöbəsinin fəallarını cəzalandırıb.

Onlara qarşı İnzibati Xətalar Məcəlləsinin 298.2-ci maddəsi (Yeri, vaxtı, küçə yürüşünə münasibətdə marşrutu qanunla müəyyən edilmiş qaydada razılaşdırılmamış toplantıda iştirak etmək) ilə inzibati həbs və cərimə tətbiq edilib.

AXCP Şəki rayon şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, məhkəmənin qərarı ilə təşkilatın sədri Əli Abdullayev, məclisin sədri Rauf Abdürrəhmanlı hər biri 5 sutka olmaqla inzibati həbsə məhkum edilib. Məclis üzvü Mübariz Əbdülkərimov və partiya fəalı İslam Həsənov isə hər biri 500 manat olmaqla cərimələnib.

***

AXCP Şəki rayon şöbəsinin sədri Əli Abdullayev, məclisin sədri Rauf Abdürrəhmanlı və məclis üzvü Mübariz Əbdülkərimov və partiya fəalı İslam Həsənov Şəki rayon polis şöbəsində dindirilir. AXCP fəalları avqustun 18-də saat 11-dən başlayaraq yerli polisə gətirilir. Bu barədə Amerikanın Səsinə AXCP Şəki rayon təşkilatından bildiriblər.

Xatırladaq ki, avqustun 17-də AXCP Şəki rayon təşkilatının fəalları həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun doğum günü münasibəti ilə Şəki şəhərində Qala divarının önündə qədim zindanın qapıları qarşısında flash-mob keçiriblər. Fəallar Rəsul Cəfərova Azərbaycan, ingilis və rus dillərində təbrik müraciətləri olan plakatlar qaldırıb.

Hazırda polis şöbəsinin qarşısında olan AXCP fəallarından biri polisdəki mənbələrə istinadən AXCP üzvlərinin işinin məhkəməyə göndərilməsi üçün hazırlandığını bildirib.

Öz növbəsində Şəki rayon Polis Şöbəsinin növbətçi hissəsindən Amerikanın Səsinə məlumat verməyiblər. “Biz bununla bağlı telefonla məlumat verə bilmərik. Buraya gəlib sənəd təqdim etsəniz işin kimdə olduğu və kimlərin saxlanıb-saxlanmadığı barədə məlumat verə bilərik”, deyə növbətçi köməkçisi bildirib.