İsmayıllı hadisələrinə görə həbs edilən müttəhim 5 gündür aclıq edir

İsmayıllı hadisələri

Müttəhim Səxavət Səmədov yanvarın 10-na keçən gecə özünü asmaq istəyib, lakin kamera yoldaşı onu xilas edib.
Şəki Ağır Cinayətlər Məhkəməsində yanvarın 14-də günün birinci yarısında Şəki məhkəməsində İsmayıllı hadisələri üzrə prosesdə şahidlərin – polis əməkdaşların ifadə verməsi davam edib.

Turanın verdiyi məlumata görə bugünki prosesdə əvvəlcə polis kapitanı, DİN çevik alayının əməkdaşı Elmir Əliyev çıxış edib.

Sonra İsmayıllı polisinin əməkdaşı Bəşir Xələfov ifadə verib. O, ilkin istintaqa verdiyi bəzi ifadəsindən imtina edib.

Belə ki, şahid bildirib ki, yanvarın 24-də REAL hərəkatının lideri İlqar Məmmədovu və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunu İsmayıllıda adamların arasında görüb, lakin onlar sakitcə dayanaraq baş verənləri müşahidə ediblər.

Prokuror və hakim ondan fərqli ifadələr verməsinin səbəblərini açıqlamasını tələb ediblər. Lakin polis əməkdaşı deyib ki, Məmmədov və Yaqublunun qanunazidd hərəkətlər törətdiklərini görməyib.

Digər polis əməkdaşı Valeh Sultanzadə də deyib ki, adamların polislərə daş atdıqlarını görüb, ancaq Məmmədovla Yaqublu belə hərəkətlər etməyiblər.
Fasilədən sonra saat 14:30-da V.Sultanzadə ifadə verməyə davam edəcək.

Proses zamanı müttəhim Səxavət Səmədovun halı pisləşib. O, polis əməkdaşının onun əleyhinə yalan ifadə verməsinə etiraz olaraq beş gündür ki, aclıq edir. Yanvarın 10-na keçən gecə S.Səmədov özünü asmaq istəyib, lakin kamera yoldaşı onu xilas edib.

Məhkəməyə təcili yardım çağırılıb. S. Səmədova ilkin yardım göstərildikdən sonra o, məhkəmə zalına qayıdıb.

Xatırladaq ki, İsmayıllı iğtişaşları ilə bağlı iş üzrə müttəhimlər kürsüsündə 18 nəfər əyləşib. Onların arasında REAL hərəkatının lideri İlqar Məmmədov və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu da var. Onlar 2013-cü il yanvarın 23-24-də İsmayıllıda kütləvi iğtişaşların təşkilində və iştirakda ittiham olunurlar.