ABŞ səfiri Salyana səfər edib

ABŞ səfiri Robert Sekuta Salyana səfər edib

Noyabrın 15-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və xanımı Anna Sekuta Salyana (Bakıdan 128 kilometr cənub) səfər edib.

Salyan şəhərində Cümə məscidinə gələn səfir, daha sonra Salyan şəhər Mərkəzi Kitabxanasında yerləşən Amerika guşəsi ilə tanış olub. Amerikalı diplomat burada ingilis dilinin öyrənilməsi və təhsil proqramlarının mənimsənilməsi prosesi ilə maraqlanıb, ABŞ-da təhsil almaq istəyən şagirdlərlə görüşüb.

ABŞ səfiri bildirib ki, guşənin açılması iki ölkə arasında dostluq əlaqələrini daha da inkişaf etdirəcək. Burada ingilis dilini öyrənmək və təhsil proqramlarını mənimsəmək üçün lazımi şərait yaradılıb. Mərkəzə müraciət edənlər yalnız ABŞ-ın mədəniyyəti barədə deyil, elm, mühəndislik, texnologiya və digər sahələr haqqında da faydalı məlumatlar əldə edə bilərlər. Mərkəz lazımi kitablar və kompüter ilə təmin olunub.

Amerika guşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində fəaliyyət göstərən regional Amerika guşələri də daxildir. Bu mərkəz və guşələr ingilis dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar barədə lazımi məlumat əldə etmək, təhsil və mübadilə proqramları haqda daha ətraflı öyrənmək, Yaradıcılıq Məkanında yüksək innovativ texnologiyaları layihələrində iştirak etmək imkanları yaradır. Guşələr, həmçinin mühazirələr, danışıq klubları, hər bir icma nümayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətləri də təqdim edir.