Türkiyə milli müdafiə naziri Azərbaycan prezidenti ilə görüşüb

İlham Əliyev və Nurəddin Canikli

Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli Azərbaycanda səfərdədir.

Sentyabrın 28-də Nurəddin Canikli prezident İlham Əliyevlə görüşüb.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, Əliyev Azərbaycan və Türkiyənin qardaş ölkələr olduğunu bildirib.

“Ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə çox yaxşı əməkdaşlıq və iş birliyi mövcuddur. Hərbi-texniki sahədə birgə fəaliyyətimiz genişdir. Hərbi texnikanın Türkiyədən alınması bizim gücümüzü daha da artırır. Həm Azərbaycanda, həm də Türkiyədə tez-tez birgə hərbi təlimlərin keçirilməsini yüksək qiymətləndirirəm. Bu, Türkiyə-Azərbaycan birliyini daha da gücləndirir və bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsi işinə xidmət edir”, Əliyev qeyd edib.

Milli müdafiə naziri Nurəddin Canikli öz növbəsində Azərbaycan ilə Türkiyənin qardaş ölkələr olduğunu və əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

Nurəddin Canikli Türkiyənin FETÖ ilə mübarizəsinə Azərbaycanın verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Türkiyə milli müdafiə naziri səfər çərçivəsində Azərbaycan müdafiə naziri ilə görüşəcək, digər dövlət strukturlarında rəsmi görüşlər keçirəcək, həmçinin Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin bağlanış mərasimində iştirak edəcək.

Səfər sentyabrın 29-dək davam edəcək.