Prezident Obama məktəbdə faciənin baş verdiyi Nyutaun şəhərinə gedib


ABŞ prezidenti Barak Obama Konnektikut ştatında ibtidai məktəbdə 26 adamın ölümülə nəticələnmiş faciənin baş verdiyi Nyutaun şəhərinə səfər edib.

Ağ Evin rəsmiləri cənab Obamanın cümə günü baş vermiş faciə zamanı doğmalarını itirmiş ailələrlə görüşəcəyini və hadisədə ilk yardım göstərən insanlara təşəkkür edəcəyini bildiriblər. Prezident Obama axşam hadisə qurbanlarının ailə üzvləri ilə xüsusi anım mərasimində iştirak edəcək.

Konnektikut ştatının polisinin verdiyi məlumata görə, hadisə zamanı öldürülən 6- 7 yaşlarında olan 12 qız və səkkiz oğlanın hamısı birinci sinif şagirdləri olublar. Öldürülən altı nəfərsə məktəbdə işləyən qadınlar olub.

Konnektikut ştatının baş tibbi eksperti Veyn Karver hadisə qurbanlarının yaxın məsafədən bir neçə dəfə atəş açılması nəticəsində öldüyünü bildirib. Rəsmilər hadisəni törədən Adam Lanzanın özünü vurarkən aldığı yaralardan öldüyünü bildirirlər.