ABŞ rəsmən “Açıq Səma Sazişi”ndən çıxdı

ABŞ rəsmən “Açıq Səma Sazişi”ndən çıxdığını bəyan edib.
.
Donald Tramp dəfələrlə sazişdən çıxacağını bildirmişdi.

ABŞ Dövlət Departamenti bu addımı təsdiqləyib və gözlənilən çıxış barədə bildirişin verilməsindən altı ay keçdiyini deyib.

Milli Təhlükəsizlik Şurası da geri çəkilməni təsdiqləyib və "Rusiyanın illərdir sazişin şərtlərini kobud şəkildə pozduğunu" əlavə edib.

Milli təhlükəsizlik müşaviri Robert O'Brayanın bu addımın "milli təhlükəsizliyimiz hesabına düşmənlərimizə fayda gətirən köhnəlmiş müqavilələrdən geri çəkilməklə Amerikanı birinci yerə qoymaq" cəhdinin bir hissəsi olduğunu deyib.

ABŞ dövlət katibi Mayk Pompeo mayda ABŞ-ın sazişdən çıxmaq niyyətində olduğunu və müqavilənin qaydalarına əsasən Açıq Səmanın digər 34 üzvünə altı aylıq bildiriş verildiyini demişdi.

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın qərarını qınayıb.

Rusiya və ABŞ silahsız kəşf uçuşlarının hərbi fəaliyyətdə şəffaflığı artırmağa və silahlara nəzarət və digər razılaşmaların monitorinqini asanlaşdırmağa imkan verən "Açıq səma sazişi"ni imzalayan 34 ölkə arasındadır.

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) coğrafiyasında etimad və təhlükəsizliyi artırma tədbirləri kimi nəzərdə tutulan və 1992-ci ildə imzalanan "Açıq səma sazişi"nin tərəfləri arasında Türkiyə də var.