Səudiyyəli jurnalist Camal Xaşuqçinin 2018-ci ildə öldürülməsi ilə bağlı ABŞ-ın iddia qaldırdığı Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Bin Salmanın vəkilləri bazar ertəsi məhkəmədə bildiriblər ki, vəliəhd şahzadənin keçən həftə baş nazir təyin edilməsi onun toxunulmazlığını təmin edib.
Camal Xaşuqçi ABŞ kəşfiyyatının krallığı illərdir de-fakto idarə edən şahzadə Məhəmmədin əmri ilə həyata keçirildiyinə inandığı əməliyyat zamanı Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda Səudiyyə agentləri tərəfindən öldürülüb.
Şahzadə Xaşuqçinin öldürülməsinə göstəriş verdiyini inkar etsə də, lakin sonradan bunun "mənim hakimiyyətim altında" baş verdiyini etiraf edib.
Keçən həftə qoca atası Kral Salman onu kral fərmanı ilə baş nazir təyin edib. Səudiyyə Ərəbistanı rəsmilərindən biri bunun vəliəhd şahzadənin artıq üzərinə götürdüyü vəzifələrə uyğun olduğunu söylədi.
"Kralın sərəncamındakı statusa əsasən, vəliəhdin toxunulmazlıq hüququna malik olduğuna dair heç bir şübhə yoxdur" - deyə, şahzadənin vəkilləri Vaşinqtondakı federal dairə məhkəməsindən ABŞ-ın xarici dövlət başçılarının toxunulmazlığını tanıdığı digər işlərə istinad edərək, iddianın rədd edilməsini istəyib.
İyul ayında enerji və təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Səudiyyə Ərəbistanına səfər edərkən ABŞ Prezidenti Co Bayden şahzadə Məhəmmədə Xaşuqçinin öldürülməsində onun məsuliyyət daşıdığını hesab etdiyini deyib.
O deyib ki, şahzadə Məhəmməd qətldə əli olduğunu inkar edib və günahkarların məsuliyyətə cəlb edildiyini bildirib.
Washington Post qəzetinin köşə yazılarında vəliəhd şahzadənin siyasətini tənqid edən Xaşuqçi Türkiyə vətəndaşı Hatice Cengizlə evlənmək üçün lazım olan sənədləri almaq məqsədi ilə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna getmişdi.
Məhkəmə iddiası Hatice Cengiz və Xaşuqçi tərəfindən yaradılan insan haqları qrupu ilə birgə qaldırılıb və Qərbdə MbS (Muhammad bin Salman) kimi tanınan vəliəhd şahzadədən dəqiqləşdirilməmiş təzminat tələb edilib. İddiada həmçinin 20-dən çox səudiyyəlinin də müttəhim kimi adları çəkilib.