Barak Obamanın qızı kafedə işə düzəlib

ABŞ mediası prezident Barak Obamanın kiçik qızı Saşanın iş təcrübəsi qazanmaq üçün dəniz məhsulları satılan kafedə işlədiyini yazır.

Prezidentin qızı Massaçusets ştatında, Martas-Vinyard adasındakı «Nancy's» adlı restoranda kassir və ofosiant işləyir. 15 yaşlı Saşa Obamaya 6 nəfər kömək edir.

«The Boston Herald» qəzeti yazır ki, Saşa iş yeri kimi Obama ailəsinin yayda dincəlmək üçün ən çox sevdiyi yeri seçib.

Martas-Vinyard ABŞ-da, əsasən, siyasətçilərin və varlı ailələrin yay istirahətlərini keçirdikləri adadır.

Restoranın tünd göy rəngli xidməti geyimində şəkli çəkilən Saşa çaypulu xaric, saatbaşı 12-15 dollar qazanır.

Saşanın iş yoldaşlarından biri qəzetə bildirib ki, o, aşağıda sifarişlərin paketlənməsi bölməsində işləyir: «Niyə görə bu qıza 6 nəfərin kömək etməsi bizi də maraqlandırırdı. Sonradan kim olduğunu bildik».

Ağ Ev mediada yazılanlarla bağlı açıqlama verməyib.

Bundan əvvəl Mişel Obama mümkün olduqca qızlarını normal böyütməyə çalışdığını demişdi.

Saşanın mühafizəçiləri o, işlədiyi vaxt yaxınlıqda dayanmış maşının içində olur.