Nikola Sarkozi rüşvət ittihamı ilə saxlanıldı

Fransanın keçmiş prezidenti Nikola Sarkozinin martın 20-də polis nəzarətinə alındığı xəbər verilir. Bu addım 2007-ci ildə onun seçki kampaniyasının Liviya diktatoru Müəmmar Qəzzafi rejimi tərəfindən qanunsuz maliyyələşdirilməsi iddialarının istintaqı çərçivəsində atılıb.

Xəbər agentlikləri yazır ki, Sarkozi Parisin qərbindəki Nanterre polis bölməsində dindirilib. Xəbəri danışmaq səlahiyyəti olmadığından adının çəkilməsini istəməyən mənbələr verib.

Fransanın sabiq prezidenti 2007-ci ildə Qəzzafidən 50 milyon avro məbləğində pul almaqda ittiham olunur.

Sarkozinin 2007-ci ildə Qəzzafinin 50 milyon avro məbləğində pulundan yararlanması ilə bağlı iddialar ortaya çıxınca, Fransa hökuməti 2013-cü ildə istintaqa başlayıb.

Ancaq ilk dəfədir ki, Sarkozi dindirilir. 48 saat ərzində məhkəmə onu barəsində qərar verməlidir.

Bir neçə həftə öncə onun keçmiş silahdaşı Aleksandre Djouhri Londonda saxlanıb və zaminə buraxılıb.

Martın 20-də keçmiş nazir, Sarkozinin yaxın dostu Brice Hortefeux də Liviya istintaqı ilə əlaqədar sorğu-sula çıkilib. Bu məlumatı başqa bir mənbə verib.

Sarkozinin vəkilindən açıqlama almaq mümkün olmayıb.

2007-2012-ci illərdə prezident olmuş Sarkozi hər hansı qanunsuz maliyyədən yararlanmadığını deyir, Liviya ilə bağlı iddiaları isə “gülünc” adlandırıb.

Sarkozi 2012-ci ildəki prezidentlik kampaniyasının maliyyə mənbəyilə bağlı ayrıca açılmış iş üzrə məhkəmə qarşısına çıxarılacaq. O zaman onu Franua Olland məğlub etmişdi.