“Onun təsiri hələ də məndə qalır. O işə səbəb olanları, hərkəs isə heç vaxt bağışlamayacağam,” deyə Şapur Ənsari 1946-cı ilin dekabrında Azərbaycan Milli Hökümətinin devrilməsindən sonra türkcə dərsliklərinin yandırılması ilə bağlı təəssüratını Amerikanın Səsi ilə bölüşüb.
Your browser doesn’t support HTML5
Onun anlatdıqlarına görə, “1945-ci ilin dekabrında Milli Hökümətin qurulduğu ildə, dərsliklər əvəzlənmədi lakin, əməldə bizə türk dilində öyrədirdilər. Sinifdə hər nə danışırdıq türkcə idi. Sadəcə kitablar elə qədimki fars kitabları idi. Biz üçüncü sinifdə idik. Yayın bitməsi və yeni təhsil ilinin (1946) başlaması ilə, artıq yeni dərsliklərimiz öz dilimizdə hazırlanmışdı və mən özüm türk dili sinfində oturdum.”
Ənsari hələ də o dərsliklərin məzmununu unutmadığını vurğulayır: “İndi də o kitablar xatırimdədir. Bir çox şeyi əzbərdən bilirəm. 1979 İnqilabından sonra, o dərsliklərin kopyası yayımlandı. Mən bir seriyasını almışam, burada kitabxanamda vardır. Hekayələri oxuyanda görürəm ki, mənim məktəbdə oxuduğum o hekayələrdir.
Türk dili gəldi, məktəbə rəğbətim artdı
“Bizi bir qapıdan məktəbə təhvil verərdilər, biz o biri qapıdan qaçardıq,” deyə ilk illərdə istəksiz bir şəkildə məktəbə getdiyini ifadə edən cənab Ənsari türk dilində tədrisin başlaması ilə artıq məktəbə rəğbətlə getdiyini xatırlayır:
Biz bir qapıdan məktəbə girib, o biri qapıdan qaçardıq. Fars dilində olduğu üçün zövq verməzdi bizə. Elə ki, türk dili gəldi, mənim rəğbətim çoxaldı.Şapur Ənsari
“O zamanlar, məsələn bizim küçədə farsca danışa bilən kimsə yox idi. Mənim atam özü yaza bilirdi, oxuya bilirdi, lakin danışa bilməzdi. Amma birdən-birə ki, hər şey türkcə olmuşdu, elə rahat olmuşdu ki, biz məktəbə getməkdən zövq alırdıq. Xatırlayıram ki, bizim getdiyimiz Xacə Nəsir məktəbinin iki qapısı var idi. Biri küçəyə açılırdı, biri də arxa qapı idi. O zaman nökər deyərdilər, bizim çalışanımız məni və eyni sinifdə olan xalam oğlunu aparıb məktəbə təhvil verərdi. Biz bir qapıdan məktəbə girib, o biri qapıdan qaçardıq. Fars dilində olduğu üçün zövq verməzdi bizə. Elə ki, türk dili gəldi, mənim rəğbətim çoxaldı. Kitablardakı hekayələr və lətifələrə maraqlı oldum. Dərs oxumaq bizim üçün çox rahat olmuşdu...”
Türk dili kitablarımı alovların içinə atdım
Bu rəğbət və rahatlıq uzun sürmədi.
“Təəssüf ki, dekabr 1946-da [Milli Höküməti] dağıtdılar və kitabları da yandırdılar,” deyə Şapur Ənsari faciəvi kitab yandırma olayını Amerikanın Səsinə anladır:
Kitabları sevinclə atırdıq alovların içinə. Bunun mənasını başa düşmürdük ki, bir növ ilaxır çərşənbəsi tonqalı kimi görürdük.
“Mən özüm o kitabları yandıranlardan biri idim; məktəbin həyətinə yığışan adamlar var idi. Ucaboy bir zabit, bir də müəllimlər. Bir tonqal qurmuşdular həyətdə. Hava çox soyuq idi. Hərkəs odun yanına yığışmışdı. Uşaq idik hamımız, zövq alırdıq da. Dedilər, gedin evinizdə türkcə kitab nə varsa gətirin burada yandıraq. Biz də evə gedib türk dilində olan bütün kitabları, özümün, qardaşımın və bacımın kitablarını gətirdik. Kitabları sevinclə bir-bir atırdıq alovların içinə. Bunun mənasını başa düşmürdük ki, bir növ ilaxır çərşənbəsi tonqalı kimi görürdük. Bizi bu işi görməyə təşviq edirdilər. Bu mərasim bir-iki saat sürdü. Bu olay hər yerdə baş verdi.”
Güneyli alim təhsilini təkrar fars dilində davam edir. Amma o, heç bir zaman fars dilində, ana dili kimi rahat danışmadığını önə çəkir.
“Doğrudur, mən fars dilində oxudum və xoşbəxtliklə həmişə birinci şagird oldum, Marağada, Təbrizdə və Tehranda. Lakin mən heç bir zaman fars dilində danışmağı öyrənə bilmədim. Yəni, elə ki, fəsahətlə, öz dilim kimi danışa biləm, mən fars dilinə heç zaman elə hakim ola bilmədim,” deyə, təcrübəli cərrah dilə gətirir.
Cənab Ənsari kitab yandırma olayını ABŞ-ın San-Fransisko şəhərində nəvələrinin getdiyi məktəbdə keçirilən bir mərasimdə anlatdığı zaman eşidənləri mütəəssir edib.
O, deyir ki, “bu xatirəmi San-Fransiskoda nəvələrimin məktəbində anlatdım. Bir məsələyə ki, çox toxundular, bu idi ki, kitablarının yanıdırılması üçün narahatsanmı? Dedim, onun təsiri indi də məndə qalır. O olayı heç vaxt unutmaram. Buna səbəb olanları, hərkəs isə heç zaman bağışlamaram.”
Ən qorxunc xatirələrim: Milli Hökümətin devrilməsindən sonra baş verənlər
Şapur Ənsari Milli Hökümətin devrilməsindən sonra Demokrat Firqəsi üzvlərinin başına gələnlərin qorxunc olduğunu ifadə edir:
“Qorxunc günlər idi. Mənim uşaqlıqdan ən pis xatirəm, o adamların öldürülməsidir. Biz uşaq idik. Bilmirdik nələr olur. Bir qrupu salmışdılar küçələrə, deyirdilər, gedək filankəsin evini dağıdaq.”
Mənim uşaqlıqdan ən pis xatirəm, o adamların öldürülməsidir. Biz uşaq idik. Bilmirdik nələr olur. Bir qrupu salmışdılar küçələrə, deyirdilər, gedək filankəsin evini dağıdaq.Şapur Ənsari
O, kəndlilərin torpaq sahibləri tərəfindən ağır şəkildə cəzalandırılması, Demokrat Firqəsi üzvlərinin döyülüb işgəncəyə məruz qalması və ya dar ağaclarından asılmalarını xatırlayır.
“Bizim kənddə, nə mənim atam o vaxta qədər kəndlilərə zülm etmişdi, nə də onlar bizə zülm etdi. Yəni sülh içində və sağlam münasibətimiz var idi. Biz kəndə qayıtdıq. Bizə yenə də, o əvvəlki hörmət var idi. Onları da heç kəs əziyyət etmədi, ki bizim yerlərimizi almışdılar. Atam onlardan bir şey istəmədi. Amma bəzi kəndlərdə, torpaq sahibləri ‘rəiyyətləri’ (torpağı olmayan kəndlilər) ilə pis rəftar etdilər. Tövlədə döydülər, dirəyə bağladılar və dustaq etdilər. Çoxları evsiz-yurdsuz buraxıldı,” deyə Şapur Ənsari anladır.
Demokrat Firqəsi üzvlərinin başına gələnləri şərh edən güneyli alim, özünün şahid olduğu bəzi nümunələrə diqqət çəkir:
İranın cənubuna sürgün edilən qonşumuz
Şapur Ənsari Marağa şəhərində “pis şəraitə düşən” insanları, səfil olan ailələri görüb. O, ailəsindən qoparılıb, İranın cənubuna sürgün edilən parça satan qonşuları Kətançi ailəsini xatırlayır:
Səhər gedəndə görərdik bunları asırdılar. Evə gələndə görərdik ki, bunlar asılıb. Hərdən də yel vuranda bu cənazələr göydə oyan-bu-yana əyilirdilər.Şapur Ənsari
“Bir qonşumuz var idi Marağada, allah rəhmət eyləsin, Kətançı adında, bəzzaz (parça satan) idi. Bu bədbəxtin günahı adını Firqəyə yazdırmaq idi... Bunun başına bir oyun gətirdilər. Mən uşaq idim. Divarların arasından bir baca var idi. Bir gecə səhərə qədər, atam, anam və xalalarım onların xanımlarından parçaları aldılar bizim evə. Çünki, bunların dükanını dağıtmışdılar və demişdilər ki, evlərində də parçalar var, ertəsi gün gəlib evi dağıdacaqdılar. Bu bədbəxti yolladılar Bəndər-Abbasa (İranın cənubu). O, qaldı orada, arvadı burada möhtac oldu.”
Vüsuqüd-divan ilə qızları və mühacir Ağabalanın başına gələnlər
“Vüsuqüd-divan var idi Marağada. Mən sonralar baxıram görürəm, çox aydın ailə idi bunun ailəsi. Qızları oxumuş idi, onlardan idi ki, qadınlar təşkilatında nitq edərdilər. Parad təşkil edərdilər. Bu bir yerdə gizlənmişdi. Oradan çıxardılar bunu, bir ağ köynəyi var idi, heç yadımdan çıxmaz. Qan tökülürdü ağ köynəyinə,” deyə cənab Ənsari şahid olduğu başqa bir olayı xatırlayır.
O, əlavə edir, “Ağabala var idi, Bakı mühacirlərindən və firqənin atəşli bir üzvü idi. Bunu döyə-döyə gətirdilər, küçədə sürütləyib aparırdılar. Qorxunc idi bu aşağılama... Gözlərimin önündə, Elektrik İdarəsi qarşısında birini güllə ilə vurdular. Pillələrdən saldılar. Başı qanadı, sürütləyib apardılar. Nə qədər cinayətlər oldu. Bir çoxunu gördüm. Mən sonralar bildim ki, biz şəhərin digər tərəfinə getməmişik. Orada bir neçəsi güllələnmişdi.”
Soyuqda dar ağacında donan cənazələr
Şapur Ənsarinin dediklərinə əsasən, Azərbaycan Milli Hökümətinin devrilməsi, çoxlarını o cümlədən, torpaq sahibi olan onun öz atasını sevindirmişdi. Amma xalqa qarşı zorakılıq və edamlar bu şadlıq atmosferini dəyişdirdi.
O, xatırlayır, “yadımdadır, məktəbə gedəndə sayardıq görək neçə adamı dara çəkiblər. Bir gün biz asılanlardan 17-sini saydıq. Mən özüm ən az yüzünü məktəbə gedərkən gözlərimlə görmüşəm. Səhər gedəndə görərdik bunları asırdılar. Evə gələndə görərdik ki, bunlar asılıb. Hərdən də yel vuranda bu cənazələr göydə oyan-bu-yana əyilirdilər. Görürdün bir sırada 6-7-8-9 adamı göydən asıblar. Sonra görərdik bunları endirirlər. Çox soyuq idi. Deyəsən, bəzi cənazələr donmuşdu. Ayaqları, əlləri donurdu. Bunları aparıb haradasa quylayırdılar.”
Poçt-tеlеqraf naziri Mirzə Rəbi Kəbirinin edamı
General Mirzə Rəbi Kəbiri Azərbaycan Milli Hökümətinin poçt-tеlеqraf naziri və Marağa şəhərinin qubernatoru idi. Şapur Ənsari onun və ailəsinin başına gələnləri də xatırlayır:
“Kəbirinin cənazəsini dar ağacında o qədər saxladılar ki... Bizim qonşu xanımlar ağlayırdılar. Onun cənazəsini görmüşdülər. Dözə bilmirdilər, ağlayırdılar. Kəbirinin xanımı nə bədbəxtçiliyə düşdü. Xalq gedib kömək edərdi. Bəziləri qorxardılar...”