AXCP Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaq niyyətini pisləyir

AXCP

Azərbaycan Xalq Cəbhəsi Partiyasaı (AXCP) Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaq istəyini pisləyən bəyanatla çıxış edib.

Partiya hakimiyyətdən tələb edir ki, Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaq niyyətindən imtina etsin, Avropa Birliyinə, Qərb strukturlarına inteqrasiya üçün real tədbirlərə başlasın.

Bu günlərdə Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistanın Kamboca və Nepalla birlikdə Şanxay Əməkdaşlıq Təşkilatında "dialoq partnyoru" statusunda iştirak edəcəyini bildirib.

Şanxay Əməkdaşlıq Təşkilatı 14 İyun 2001-ci ildə təsis edilib. Təşkilata Çin, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan daxildir. Hindistan, İran, Monqolustan, Pakistan isə müşahidəçi qismində iştirak edir.

AXCP bəyan edir ki, avtoritar rejimlər blokunda yer almaq Azərbaycana heç bir işıqlı perspektiv vəd etmir və indiki hakimiyyəti də tarixin arxivinə qovuşmaq zərurətindən sığortalamır.

“Əksinə, demokratik dünya ilə inteqrasiya bütövlükdə ölkəmiz və xalqımızın maraqlarına cavab verməklə, indiki hakimiyyətin gələcək siyasi taleyinə də müsbət təminatlar yaratmış olar,” sənəddə qeyd edilir.