Putin Sankt Peterburqdakı partlayışı terror hücumu adlandırıb

Rusiya prezidenti Vladimir Putin çərşənbə günü Sankt Peterburq şəhərində baş verən partlayışın terror hücumu olduğunu deyib.

Putin bu fikri cümə axşamı Kremldə keçirilən Suriyada xidmət edən rusiyalı hərbçilərə mükafat verilməsi mərasimi zamanı səsləndirib. Prezident partlayışla bağlı əlavə heç bir məlumat verməyib.

Sankt Peterburq supermarketlərinin birində evdə hazırlanmış bombanın partlaması nəticəsində 13 nəfər xəsarət alıb. Təhqiqatçılar bildirirlər ki, onlar bu hadisəsini qətl cəhdi kimi araşdırırdılar.

Səhiyyə rəsmiləri deyiblər ki, xəsarət alanların heç birinin həyatına təhlükə yoxdur. Partlayışa görə heç kim məsuliyyəti üzərinə götürməyib.