Sandu: Moldovalılar gələcəklərini müəyyən edəcək ilk çətin döyüşdə qalib gəldi

Moldova prezidenti Maya Sandu

Moldova prezidenti Maya Sandu bazar ertəsi deyib ki, moldovalılar gələcəklərini müəyyən edəcək ilk çətin döyüşdə qalib gəlib.

O, brifinq zamanı (Rusiyanın) referenduma təsir göstərmək üçün səsləri satın almaq cəhdinin ölkənin suverenliyinə təcavüzə bərabər olduğunu və Moldovanın korrupsiya ilə mübarizədə daha çox səy göstərməli olduğunu vurğulayıb.

Kiçik əksəriyyət - 50,17% keçən bazar günü referendumda konstitusiyaya Avropa İttifaqına üzvlüyü məqsəd kimi müəyyən edən bəndin daxil edilməsinə səs verib. Bununla belə, bülletenlərin 1,5%-dən azı hələ hesablanmalıdır.

Yeni müddətə seçilməyə çalışan Sandu Moldovanın 2030-cu ilə qədər bloka qoşulmasını istəyir.

"Bu səsvermə Moldova Respublikasında demokratik prosesləri destabilləşdirməyə yönəlmiş Rusiya və onun etibarlı qüvvələrinin görünməmiş müdaxiləsi və hədə-qorxuları şəraitində baş tutub", Avropa İttifaqının sözçüsü Piter Stano bazar ertəsi bildirib.

Birinci turu bazar günü baş tutan prezident seçkiləri ilə yanaşı keçirilən referendum Moldovanın Moskvanın təsiri altından birdəfəlik çıxa bilib-bilməyəcəyinə test kimi qiymətləndirilir.

Səsvermədən əvvəl Moldovanın hakimiyyət orqanları ədalətdən qaçan rusiyapərəst oliqarx İlan Şorun referendum və seçkilərə müdaxilə etmək üçün cəhdlər etdiyini bildirib. Rəsmilər dezinformasiyanın yayıldığı internet resurslarını aradan qaldırdıqlarını və Rusiyanın moldovalıları kütləvi iğtişaşlarda iştiraka hazır etmək üçün yaratdığı proqramı aşkar etdiklərini bildiriblər.

"Bu, Rusiya və onun əlaltılarının təkcə Moldovada deyil, həm də ölkələrimizə qarşı davamlı səyidir və bu, uzunmüddətli mübarizədir. Onlar üçün heç bir sədd yoxdur. Biz Avropa İttifaqı olaraq müəyyən prinsiplərə, o cümlədən qanunlara əməl edirik, lakin Rusiya, onun adından çıxış edən qüvvələr və marionetlər onlara əməl etmir" - deyə, Avropa İttifaqının sözçüsü Piter Stano vurğulayıb.

Avropa Komissiyasının rəhbəri Ursula Von Der Leyen bazar ertəsi Moldovanın Avropa İttifaqına üzvlüyünə doğru irəliləməsi istiqamətində səsvermənin nəticələrini alqışlayıb.

"Rusiyanın hibrid taktikası qarşısında Moldova göstərir ki, o, müstəqildir, güclüdür və Avropanın gələcəyini istəyir", Von Der Leyen X media platformasında yazıb.