Samsung Çindəki mobil telefon zavodununun fəaliyyətini dayandırır

Sumsung bu il Çinin şimalında yerləşən Tiancin şəhərindəki Samsung Telecom Technology zavodunda mobil telefon istehsalını dayandıra bilər. Bu barədə Cənubi Koreyanın Electronic Times qəzəti məlumat verib.

Dünyanın ən böyük smartfon istehsalçısı bazar ertəsi bildirib ki, Tiancin zavodundakı əməliyyatlarla bağlı son qərar hələ verilməyib.

Şirkət Reuters agentliyinə verdiyi bəyanatında artımın zəifləməsi səbəbilə smartfon bazarında çətinliklərin yarandığını, bununla bərabər şirkətin rəqabətliliyi və səmərəliliyi artırılmasına fokuslandığını bildirib.

Cəmi beş il öncə Samsung Çin bazarının 20 faizinə sahib idi. İndi isə Huawei, Xiaomi və digər Çin brendləri Samsungun bazar payını bir faizədək azalda biliblər.

Cənubi Koreyanın texnologiya nəhənginin Çində iki telefon istehsalı zavodu var.

Son illərdə Samsung mobil telefonları istehsalında əsas sərmayələrini Vyetnama və Hindistana yönəldir. Şirkət bu yaxınlarda Yeni Dehlidə dünyanın ən böyük smatrfon istehsalı zavodunu açıb.

Electronic Times qəzetinin verdiyi məlumata görə, Tiancin zavodunda ildə 36 milyon mobil telefon istehsal edilir. Samsung-un Çinin Huizhou şəhərində yerləşən ikinci zavodunda 72 milyon, Vyetnamdakı iki zavodunda isə 240 milyon ədəd mobil telefon istehsal edilir.