Minskdə MDB dövlət başçılarının sammiti başlayıb

MDB Daxili İşlər Nazirləri Şurası

İclasda təhlükəsizlik və hüquq-mühafizə sahələrində sənədlərin müzakirəsi də nəzərdə tutulur.
Prezident İlham Əliyev oktyabrın 25-də Minskə MDB dövlət başçılarının sammitinə yola düşüb.

Rusiya mətbuatının yazdığına görə şuranın iclası öncə məhdud tərkibdə (dövlət başçıları və MDB icraçı katibi), sonra isə geniş tərkibdə, yəni rəsmi nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək.

Ötən gün isə Belarusun paytaxtında Birlik dövlətləri xarici işlər nazirlərinin toplantısı olub.

Onlar gündəliyi razılaşdırıblar.

Sammitin gündəliyi iqtisadi, humanitar və hüquq-mühafizə sahələrində əməkdaşlığa dair mühüm məsələləri əhatə edir.

İclasda əsas diqqətin MDB ölkələri arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə yönəldilməsi planlaşdırılır.

İclas zamanı təhlükəsizlik və hüquq-mühafizə sahələrində bəzi sənədlərin müzakirəsi də nəzərdə tutulur.

Rusiyanın təşəbbüsü ilə korrupsiyaya qarşı mübarizə üzrə Dövlətlərarası Şuranın yaradılması haqqında saziş imzalanmağa hazırlanıb. Bu, sözügedən sahədə koordinasiyanı həyata keçirəcək.

Bəzi mühüm sahələrdə dövlətlərarası əməkdaşlığa dair ortamüddətli proqramların təsdiqləməsi gözlənilir: cinayətkarlığa qarşı mübarizə ( 2014-2018-ci illər üçün nəzərdə tutulub), terrorizmə qarşı mübarizə (2014-2016-cı illər), qanunsuz narkotik maddələrin dövriyyəsi (2014-2018-ci illər), insan alveri (2014-2018-ci illər).

Tərəfdaşlığın yeni sferası informasiya texnologiyalarından istifadə olunmaqla törədilən cinayətlərə qarşı mübarizədir. Bu sahədə əməkdaşlıq konsepsiyası MDB ölkələrini transmilli xarakter alan kibercinayətkarlıqdan qorumağa yönələcək.

Sammitin gündəliyinə MDB dövlətləri Parlamentlərarası Assambleyanın Birliyin ali nizamnamə orqanlarının qərarlarının reallaşması üzrə fəaliyyəti haqda məsələ daxildir.

MDB-nin yaradılması barədə saziş 1991-ci ildə Rusiya, Belarus və Ukrayna arasında imzalanıb.

Hazırda Birliyə 11 ölkə daxildir: Azərbaycan, Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna
MDB-nin Minskdə keçirilən samitində Rusiya prezidenti də iştirak edir.