Kral Salman beynəlxalq ictimaiyyəti hücumlara müqavimət göstərməyə çağırıb

Səudiyyə Ərəbistanının kralı Salman ölkəsinin özünü “qorxaq hücumlardan” müdafiə etmək qabiliyyiətinə malik olduğunu bildirib. O, eyni zamanda beynəlxalq ictimaiyyəti hücumlara müqavimət göstərməyə çağırıb.

Səudiyyə hökuməti neft obyektlərinə qarşı hücumlarda İranın istehsal etdiyi silahlardan istifadə edildiyini iddia etsə də, dəlil göstərə bilməyib.

Kral Salmanın çağırışı ABŞ prezidenti Donald Trampın bazar ertəsi hücumlara münasibət bildirməsindən bir gün sonra səslənib.

Tramp deyib ki, Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumun arxasında İran dura bilər. Lakin o, Tehranın məsuliyyət daşıdığını göstərən dəqiq sübut əldə edilməyincə, heç bir cavab tədbiri görülməyəcəyini bildirib.

Bir neçə ABŞ rəsmisi, o cümlədən dövlət katibi Mayk Pompeo və enerji nazirii Rik Perri Tehranı hücumlarda günahlandırıb.

Tramp əlavə edib ki, ABŞ hərbi münaqişə istəməsə də, buna hazırdır.

Səudiyyə Ərəbistanının Nazirlər Kabineti şənbə günü hücumlarında ortamənzilli raketlərdən istifadə edildiyini və hücumların 5.7 milyon barrel gündəlik neftin bazarlara çıxmasının qarşısını aldığını, habelə bunun qlobal eneji ehtiyatlarına ciddi hədə törətdiyini bildirib.

Son günlər BMT-nin illik Baş Assambleyasının toplantısı çərçivəsində Trampın İran prezidenti Həsən Ruhani ilə görüşü ehtimalından bəhs edilir.

İranın ali ruhani lideri Ayətulla Əli Xameneyi isə Vaşinqtonla nüvə müzakirələrinin baş tuma ehtimalını rədd edib. O deyib ki, dialoq yalnız sanksiyaların ləğvindən sonra keçirilə bilər.

"İran rəsmiləri heç bir səviyyədə Amerika nümayəndələri ilə görüşməyəcək. Səudiyyə Ərəbistanına qarşı hücumlarda İranın günahlandırılması İrana qarşı təzyiqlərin bir hissəsidir” - deyə, ali ruhani lider əlavə edib.

Sanksiyalar ABŞ-ın 2015-ci il nüvə sazişindən çıxması ilə bərpa edilib.

Nüvə sazişi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

Səudiyyə Ərəbistanına qarşı hücumlar dünyanın ən iri neftayrıma zavodunu sıradan çıxarmaqla yanaşı, son 30 ildə ən böyük neft qiyməti artımına səbəb olub.