Salli qasırğası ABŞ-ın cənub sahillərinə doğru irəliləyir

ABŞ Milli Qasırğa Mərkəzi ölkənin körfəz sahillərinə doğru yaxınlaşan yeni Salli qasırğasının hələ yavaş hərəkət etdiyini, lakin sahil ərazilərində artıq güclü külək və yağışlara səbəb olduğunu bildirir.

Son məlumatlarında sinoptiklər Salli Luisiana və Mississippi sahillərinin şərqindən cənub-şərqə doğru təxminən 110 kilometr məsafədə olduğunu bildirir.

Hal-hazırda saatda 140 km. sürətlə əsən davamlı küləklə müşayiət olan qasırğa Floridaya doğru hərəkət edir.

Sinoptiklər qasırğanın çərşənbə axşamı gecə və ya çərşənbə gününə qədər Alabama-Mississippi ştatlarının sərhəddinə çatacağını ehtimal etdiklərini bildirir. Lakin sinoptiklər hələ də qasırğanın mərkəzinin hara düşəcəyini dəqiq bilmirlər.

Salli qasırğasının əvvəl gözlənildiyi kimi Yeni Orlean şəhərinə deyil, şəhərdən daha çox şərqə doğru hərəkət etdiyi deyilir.

Yavaş hərəkət etməkdə olan qasırğanın açıq ərazilərdə 25-50 santimetr, təcrid olunmuş yerlərdə isə 76 santimetr yağışa səbəb olacağı gözlənilir. Qasırğanın ən güclü təsir edəcəyi yerlərdə isə təxminən üç metr hündürlüyündə dalğa ilə sahil ərazilərdə daşqınlara səbəb ola biləcəyi deyilir.

Flordia qubernatoru Ron DeSantis çərşənbə axşamı fırtına səbəbi ilə ştatda ən çox yağış yağdığı Panhandle bölgəsində fövqaladə vəziyyət elan edib.

Prezident Donald Tramp bazar ertəsi Loisiana, Mississippi və Alabamanın bəzi bölgələrində fövqaladə vəziyyətlə bağlı xəbərdarlıq edib. O həmçinin yazdığı tweet-də sakinləri ştat və yerli idarə orqanlarının liderlərini dinləməyə çağırıb.